Paytaxt Bakı şəhərinin mərkəzində yerləşən
132-134 nömrəli Təhsil Kompleksi:

Artıq 160 ildir ki, bu yalnız məktəb deyil, bu təhsil müəssisəsi eyni zamanda Bakı şəhərinin “brendi” hesab olunur.

“132-134” – bu nömrələr hər bir bakılıya yaxşı tanışdır, məhz bu səbəbdən əsaslı təmir və bərpa işlərindən sonra yaradılmış Təhsil kompleksinin adında bu nömrələr saxlanıldı.

Minlərlə insanın məzunu olduğu 132-134 nömrəli Təhsil Kompleksinin yerləşdiyi bina qədim və çox maraqlı tarixçəyə malikdir.

1846-cı ildən başlayaraq Rusiyada “Müqəddəs Nina” adı ilə fəaliyyət göstərən qadın xeyriyyə cəmiyyəti aztəminatlı ailələr üçün gözəl və lazımi işlər görürdü. 1861-ci ilin oktyabrında hərbi qubernator Tarxan Mouravovun təşəbbüsü və himayəsi ilə o dövrün imperator xanımı Mariya Aleksandrovnanın himayəsi altında fəaliyyət göstərən “Müqəddəs Nina” cəmiyyətinin Bakıda ilk dəfə bölməsi açıldı. 1862-ci ildə bu cəmiyyətin nəzdində Bakıda ilk dəfə qızlar üçün təlim-tərbiyə müəssisəsinin (ilk qızlar məktəbi) əsası qoyuldu. Bu müəssisəyə qubernatorun həyat yoldaşı Baronessa rəhbərlik edirdi. O dövrdə məktəb şəhər ətrafında geniş bağ sahəsi olan bir ərazidə yerləşirdi.

1874-cü ildə “Müqəddəs Nina” xeyriyyə cəmiyyətinin nəzdində fəaliyyət göstərən məktəb gimnaziya statusu aldı və Bakı qızlar gimnaziyası kimi fəaliyyətə başladı.

1886-cı ildə “Müqəddəs Nina” qızlar gimnaziyası İçərişəhərin qala divarlarına yaxın yerdə, əvvəllər xırman yeri olmuş bir sahədə ikimərtəbəli məktəb binası üçün tikintinin əsası qoyuldu. Həmin il oktyabr ayının 15-dən isə cəmiyyət öz fəaliyyətini ikimərtəbəli, geniş, hündür otaqları olan məktəb binasında davam etdirdi. Xüsusi vurğulanmalıdır ki, bu məktəb binasının tikintisinin başa çatması üçün xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə, eyni zamanda bir neçə Bakı milyonçusu onunla bərabər böyük vəsait sərf etmişdilər. Həmin dövrdə gimnaziyada 150 qız təlim-tərbiyə alırdı. Qızlar üçün xüsusilə xarici dillərin tədrisi əsas istiqamət sayılırdı. Burada onlara fransız, alman, dilləri öyrədilirdi. Gimnaziya öz fəaliyyətini 1918-ci ilədək davam etdirə bildi.

1918-1920-ci illərdə müsəlman Şərqində ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyətinin dövründə bu binada hərbi akademiya fəaliyyət göstərdi. Məşhur generallar Səməd bəy Mehmandarov akademiyanın direktoru, Əliağa Şıxlinski isə onun müavini vəzifəsində çalışırdı.

Xeyli müddət keçdikdən sonra bu məşhur binada, 1933-1937-ci illərdə beynəlmiləl məktəb fəalliyyət göstərdi.

1937-ci ildən 2010-cu ilin sentyabr ayına qədər davamlı olaraq bu binada məşhur 132 (Azərbaycan bölməsi) və 134 (Rus bölməsi) saylı orta məktəblər fəaliyyət göstərdi.

Məktəb 1999-cu ildən YUNESKO-nun Assosiativ Məktəblər Şəbəkəsinə (UNESCO associated Schools Network) daxildir.

Azərbaycanda ilk dəfə olaraq 2004-cü ildə Avropa (Fransa) modeli olan “Ana məktəb” layihəsi Təhsil Kompleksi nəzdində fəaliyyətə başlamışdır. Bu layihə çərçivəsidə uşaqlar 3 yaşından etibarən məktəb təliminə cəlb edilir. Kompleksimiz ilk təhsil müəssisəsidir ki, uşaqlar 3 yaşından 17 yaşına qədər məhz burada təhsil alırlar. Fransız modeli olan beynəlxalq, inteqrativ “Ana məktəb”layihəsinin əsas məqsədi erkən yaş dövründən uşaqların məktəbə hazırlığını təşkil etmək, eyni zamanda xarici dillərin öyrədilməsi, onların şəxsiyyət kimi yetişməsi üçün şərait yaratmaqdır.

Azərbaycanda ilk dəfə olaraq 2007-ci ildə 134 saylı orta məktəbin nəzdində fransız təmayüllü Beynəlxalq Təhsil Kompleksi yaradılmışdır.

“İstedad” Beynəlxalq Təhsil Kompleksi (134 saylı orta məktəb) 2008-2009-cu dərs ilində “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur.

2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi tapşırığı ilə bina əsaslı şəkildə yenidən quruldu və 132-134 nömrəli Təhsil Kompleksi adı ilə fəaliyyətini bugünə kimi uğurla davam etdirir.

Təhsil Kompleksi 2017-ci ildən Beynəlxalq Bakalavriat Diplom Proqramına qoşulmuşdur.

Məktəbin pedaqoji heyətində Respublikamızın “Əməkdar müəllim”i, “Qabaqcıl təhsil işçisi”, “Qabaqcıl müəllim” adlarına layiq görülmüş, “Tərəqqi medalı”, Təhsil Nazirliyinin Fəxri Fərmanları ilə təltif olunmuş təcrübəli, peşəkar müəllimlər, elmlər namizədləri, əməkdar məşqçilər fəaliyyət göstərir.

Məktəbdə şagirdlərə xarici dillərin tədrisi ilə yanaşı, həmin ölkələrin təhsilinə uyğun təcrübələr də keçirilməkdədir.

Çox sevindirici və fərəhli haldır ki, bu təhsil ocağının məşhur məzunları sırasında görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, elm təşkilatçısı, professor Aida xanım İmanquliyeva, əfsanəvi Azərbaycanlı təyyarəçi, Sovet İttifaqı Qəhrəmanı, polkovnik Adil Quliyev, Azərbaycanlı pedaqoq, Lənkəranda ilk qadın Xeyriyyə cəmiyyətinin təşkilatçısı, “Ünas” (qızlar) məktəbinin müdiri Məryəm Bayraməlibəyova, Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının Gənclər və idman naziri (2006–2021) Azad Rəhimov, Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1959), SSRİ (1946) və Azərbaycan SSR (1972) Dövlət Mükafatları laureatı Leyla Bədirbəyli, Azərbaycan rəqqasəsi, baletmeyster və pedaqoq, milli rəqslərin ustası, səhnə quruluşçusu, Azərbaycan SSR xalq artisti Əminə Dilbazi, Azərbaycanın tanınmış teatr və kino aktyorları Hacı Murad Yagizarov, Tariyel Qasımov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) (2002-2019), alim, dövlət və ictimai xadim Elmira Süleymanova, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi Şəhidi Riad Əhmədov, 44 günlük Vətən müharibəsinin Şəhidləri, qəhrəman məzunlarımız Nicat Tarıverdiyev, Fərid Əliyev, Yusif Budaqov və digər görkəmli şəxsiyyətlərin adları həmişə fəxrlə çəkilir, əziz xatirələri ehtiramla yad olunur. Məktəbin məzunları Azərbaycanın və dünyanın ən nüfuzlu ali məktəblərinə daxil olur və hazırda dünyanın müxtəlif ölkələrində uğurla fəaliyyət göstərirlər.

Tarix və Ənənələr