Ana Məktəb Ècole Maternelle
132-134 nömrəli Təhsil Kompleksinin nəzdində 18 illik təcrübə ilə Fransız modeli ANA MƏKTƏB – ÈCOLE MATERNELLE (Azərbaycan və Rus bölmələri üzrə məktəbəqədər hazırlıq) fəalliyyət göstərir.
2004-cü ildən Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərən ANA MƏKTƏB – ÈCOLE MATERNELLE layihəsində uşağın 3 yaşından başlayaraq bir təhsil müəssisəsində təhsil alması nəzərdə tutulur.
“Ana məktəb” layihəsinin əsası 1998-ci ildə beynəlxalq təcrübə mübadiləsi məqsədilə Azərbaycan heyətinin Fransaya ezamiyyəti nəticəsində qoyulmuşdur.
11 noyabr 2004-cü ildə Təhsil Kompleksi nəzdində Azərbaycanda ilk dəfə olaraq Fransız modeli “Ana məktəb” layihəsi fəaliyyətə başlamışdır.
132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova Azərbaycanda Fransız modeli “Ana məktəbləri” sisteminin mütəxəssisidir.
2010-cu ilin sentyabr ayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Kompleksin yerləşdiyi qədim bina əsaslı təmir və bərpa işlərindən sonra yenidən istifadəyə verilmişdir. Kompleks daxilində “Ana məktəb” üçün yüksək standartlara uyğun yeni bina inşa edilmişdir.
Bu layihə çərçivəsidə uşaqlar 3 yaşından etibarən məktəb təliminə cəlb edilir. Kompleksimiz ilk təhsil müəssisəsidir ki, uşaqlar 3 yaşından 17 yaşına qədər məhz burada təhsil alırlar.
Fransız modeli olan beynəlxalq, inteqrativ “Ana məktəb” layihəsinin əsas məqsədi erkən yaş dövründən uşaqların məktəbə hazırlığını təşkil etmək, eyni zamanda xarici dillərin öyrədilməsi, onların şəxsiyyət kimi yetişməsi üçün şərait yaratmaqdır.
“Ana məktəb” öz xüsusi tədris planları və proqramları əsasında fəaliyyət göstərir.
Burada hazırda uşaqlara ingilis, fransız dilləri tədris olunmaqdadır, digər dillərin əlavə olunması nəzərdə tutulur.
Tədris planında nəzərdə tutulmuş əsas fənlərdən başqa, “Ana məktəb”də uşaqların fiziki və psixoloji inkişafı üçün üzgüçülük, rəqs, gimnastika, şahmat dərsləri keçirilir.
Kompleks Nizamnaməsinə əsasən “Ana məktəb”ə qəbul iki mərhələdə – müsahibə və müsabiqə yolu ilə aparılır və uşaqların psixoloji, fizioloji xüsusiyyətləri, qabiliyyətləri nəzərə alınmaqla qruplarda komplektləşdirilir.
“Ana məktəb” layihəsi çərçivəsində mütəmadi olaraq Kompleksdə Fransanın Azərbaycandakı Səfirinin iştirakı ilə “Fransa günləri” keçirilir.
2011-ci ilin may ayında linqvistik mübadiləsi ilə bağlı “Ana məktəb” layihəsi üzrə təhsil alan kompleksin 18 nəfər şagirdi və 2 nəfər müəllimi “Ecole des Roches” məktəbindən dəvət alaraq, Fransaya ezam olunmuşlar.
20-24 mart 2016-cı il tarixlərində Kompleksimiz Fransanın IB proqramı tətbiq olunan “Ecole de Roches” məktəbi tərəfindən dəvət almışdır. Təcrübə mübadiləsi məqsədilə, kompleksin “Ana məktəb” layihəsini tətbiq edən bir qrup müəllim həmin dəvətlə Fransada təlim səfərində iştirak etmişlər.
2015-ci il mart ayının 10-da Fransanın Azərbaycandakı Səfirliyində Frankofoniya həftəsi ərzində Azərbaycanda fransız dilinin inkişafına göstərdiyi səylərə və gördüyü işlərə görə 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova Akademik Palma (Kavaler dərəcəsi) ordeni ilə təltif olunmuşdur. Akademik Palma (Kavaler dərəcəsi) ordenini Fransanın Azərbaycandakı səfiri cənab Paskal Mönye təqdim etmişdir.