XƏBƏRLƏR

Oktyabrın 10-da 132-134 nömrəli Təhsil Kompleksi və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə böyük şərqşünas alim, filologiya elmləri doktoru, elm təşkilatçısı, ictimai xadim, professor Aida xanım İmanquliyevanın anadan olmasının 83-cü ildönümünə həsr edilmiş “Elmin zirvəsinə ucalan alim ömrü” adlı tədbir keçirildi.

Tədbirdə çıxış edən Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova 1957-ci ildə 132 nömrəli orta məktəbi (indiki 132-134 nömrəli Təhsil Kompleksi) qızıl medalla bitirmiş Kompleksin unudulmaz məzunu professor Aida xanım İmanquliyevanı böyük şərqşünas alim, pedaqoq, parlaq şəxsiyyət, zərif və nəcib qadın və mehriban ana kimi xarakterizə edərək görkəmli alimin şərəfli, gənc və gələcək nəsillərə örnək olan ömür yolu haqqında məktəblilərə geniş məlumat verdi. Vurğulandı ki, Azərbaycanda ilk şərqşünas qadın elmlər doktoru olan Aida xanım Azərbaycan qadınına xas olan ən gözəl, ən nəcib xüsusiyyətləri özündə cəmləşdirən xeyirxah insan və Vətənə yüksək intellektual səviyyəli, dərin mənəvi keyfiyyətləri ilə nümunə olan övladlar bəxş edən qayğıkeş ana olub.

Son illərdə ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirləri və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” müdrik kəlamını xüsusi qeyd edən S.Xanlarova bildirdi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli təhsil strategiyası bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətin təhsillə bağlı strategiyasının həyata keçirilməsində Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi ilə diqqət çəkir. Bu gün Azərbaycanda heç vaxt olmayan qədər geniş bazaya malik təhsil infrastrukturu yaradılıb. Bununla da ölkədə təhsilə qayğı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi işi ümummilli səviyyəyə qaldırılıb.

Məktəbin fəaliyyətinin əsas nəticəsinin onun şagirdlərinin və məzunlarının nailiyyətlərini olduğunu diqqətə çatdıran S.Xanlarova bildirdi ki, Azərbaycanın təhsil tarixində özünəməxsus yeri olan 132-134 nömrəli Təhsil Kompleksinin müəllim-şagird kollektivi məktəbin unudulmaz məzunu, Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan olan Aida xanım İmanquliyeva ilə fəxr edir. Aida xanım İmanquliyevanın xatirəsi yeni nəsillər tərəfindən də hər zaman dərin ehtiram və böyük məhəbbətlə yad olunur, əsərləri dönə-dönə oxunur, elmi irsi araşdırılır və təbliğ edilir. Direktor əminliyini ifadə etdi ki, 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri Kompleksin unudulmaz məzunlarından hər zaman layiqli örnək alacaq və Azərbaycanın gələcək gözəl vətəndaşları və böyük alimləri kimi yetişəcəklər.

Çıxış edən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı məzunu olduğu 132 nömrəli orta məktəb (indiki 132-134 nömrəli Təhsil Kompleksi) haqqında xatirələrini şagirdlərlə bölüşərək, məktəbin unudulmaz məzunu, professor Aida xanım İmanquliyevanın Azərbaycanın elm və təhsil tarixindəki müstəsna rolundan bəhs etdi, onun elmi irsinin, əsərlərinin əhəmiyyətini diqqətə çatdırdı. Vurğulandı ki, Şərq-Qərb mədəni əlaqələrinin inkişafında professor Aida İmanquliyevanın tədqiqatları xüsusilə böyük aktuallıq kəsb edir. N.Vəlixanlı Aida xanım İmanquliyevanın əziz xatirəsinin könüllərdə daim yaşayacağını qeyd edərək, 132-134 nömrəli Təhsil Kompleksinin şagirdlərinə seçdikləri fəaliyyət sahəsindən asılı olmayaraq hər zaman bu tarixi məktəbin adını layiqli şəkildə təmsil etməyi tövsiyə etdi.

Tədbirdə professor Aida İmanquliyevanın tələbələri olmuş 132-134 nömrəli Təhsil Kompleksinin Ərəb dili müəllimi Gülnarə Məmmədova, hazırda təqaüddə olan Kompleksin Ərəb dili müəllimi Dilşad Səfərli, Kompeksin tarix müəllimələri Aygün Əfəndiyeva və Tünzalə Səmədova ölkəmizdə şərqşünaslıq məktəbinin yaranmasında mühüm rolu olan Aida xanımın elmi irsinin əhəmiyyətindən geniş bəhs etdilər. Çıxışlarda qeyd olundu ki, ömrünü Şərq mədəniyyətini və məhcər ədəbiyyatını öyrənməyə sərf edən Aida xanım İmanquliyeva müasir ərəb ədəbiyyatının tədqiqində yeni səhifə açıb, öz fundamental araşdırmaları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, dünya şərqşünaslığını da zənginləşdirib və inkişaf etdirib. Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru, professor olan Aida İmanquliyeva Şərq-Qərb ədəbi əlaqələrini araşdıran ilk azərbaycanlı olub, Bakı Dövlət Universitetində səmərəli pedaqoji fəaliyyət göstərib, ərəb filologiyası fənnindən oxuduğu maraqlı mühazirələri və xeyirxahlığı, yüksək insani keyfiyyətləri ilə yetirmələrinin, tələbələrinin yaddaşlarında dərin izlər qoyub.

Tədbirdə böyük alimin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olundu. Təhsil Kompleksinin şagirdləri ictimai xadim, professor Aida xanım İmanquliyevanın zəngin elmi irsi və şərəfli, nümunəvi həyat yolu ilə bağlı çıxışlar etdilər.

Bütün çıxışlarda vurğulandı ki, 132-134 nömrəli Təhsil Kompleksinin unudulmaz məzunu Aida xanım İmanquliyevanın əziz xatirəsi, Onun şəxsiyyətini və elmi irsini yüksək dəyərləndirən çoxsaylı insanların qəlbində əbədi olaraq yaşayacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.