132-134 nömrəli Təhsil Kompleksinin Azərbaycan bölməsi “10 a” sinif şagirdləri İkinci Fəxri Xiyabanda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmancasına həlak olan Şəhidlərimizin, Azərbaycanın Milli Qəhrəmanları general-mayor Polad Həşimov və Mübariz İbrahimovun, həmçinin 132-134 nömrəli Təhsil Kompleksinin qəhrəman məzunu, 44 günlük Vətən müharibəsinin Şəhidi Nicat Tarıverdiyevin məzarlarını ziyarət etdilər. Qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzüldü və Şəhidlərimizin əziz xatirələri ehtiramla yad olundu.
Məktəblilər qəhrəman Şəhidimiz Nicat Tarıverdiyevin anası Şükran xanımla görüşdülər, unudulmaz məzunumuz haqqında Şükran xanımın və Nicatın müəllimlərinin xatirələrini dinlədilər, 44 günlük Vətən müharibəsinin qələbə Şəhidi Nicat Tarıverdiyevi daha da yaxından tanıdılar.
Bu gün yetişməkdə olan gənc nəsildə vətənpərvərlik hisslərinin formalaşdırılması cəmiyyətimiz qarşısında duran əsas vəzifələrdən biridir. Təhsil ocaqlarında təlim-tədris planının əsas strategiyası həm də şagird və tələbələrdə Vətən sevgisi, Vətən uğrunda mübarizə aparmağın əhəmiyyətini aşılamaq olmalıdır.
Torpaq Şəhid qanı ilə birləşəndə Vətən olur. Ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş hər bir qəhrəmanın əziz xatirəsi xalqımızın qəlbində daim yaşayır. Ruhunuz şad olsun, igid Vətən oğulları!