Rus bölməsi “8 ç” sinif şagirdləri bu gün “Həyat bilgisi” dərsində “Ekoloji tarazlığın mühafizəsi və bərpası” mövzusunda hazırladıqları tədqiqat layihəsini təqdim etdilər. Layihə çərçivəsində məktəblilər 6 komandaya bölünərək aşağıdakı mövzuları araşdırdılar:
1) Zibil qalaqlarının azaldılması;
2) Yaşıllaşdırma;
3) Su hövzələrinin təmizliyinin qorunması;
4) Havanın çirklənməsinin qarşısının alınması;
5) Yaşadığınız ərazilərin təmizliyi;
6) Şəhəri zəhərli qazlardan qorumaq üçün ictimai nəqliyyat vasitələrinin istifadəsində mümkün dəyişikliklər
Hər bir komanda iki həftə müddətində araşdırdıqları mövzu üzrə maketlər, məlumat broşürləri və plakatlar hazırlamışdılar. Komandalar mövzu ilə bağlı öyrəndikləri məlumatları və əldə olunan nəticələri interaktiv təqdimat formatında təqdim etdilər.
Dərsdə mövzu ilə bağlı “Ekoloji problemlər” videoçarxına baxış keçirildi, “Biz nəyi mühafizə edirik – təbiəti yoxsa öz həyatımızı?” mövzusunda komandaların hazırladıqları essələr qiymətləndirildi və “Ekosistem nədir?” mövzusunda diskussiya təşkil olundu.
Layihə rəhbəri: Kompleksin Biologiya və Həyat Bilgisi müəllimi Səmədova Rübabə