Dekabrın 1-də 132-134 nömrəli Təhsil Kompleksinin psixoloqu Quliyeva Aytən tərəfindən gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair “Sağlam gələcək üçün erkən nikaha yox deyək” mövzusunda maarifləndirmə tədbiri təşkil olundu.
Kompleksin direktor müavini Könül Səfərova, Uşaq Birliyi rəhbəri Tamilla Abdullayeva, Azərbaycan bölməsi yuxarı sinif şagirdləri və müəllimlərin iştirak etdiyi tədbirdə məktəblilərlə erkən nikah hallarının ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olması haqqında profilaktik söhbətlər aparıldı, erkən nikahların sağlamlıq üçün ciddi təhlükə yaratdığı nəzərə çatdırıldı. Vurğulandı ki, erkən yaşda qurulan nikahlar 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərir və ailədaxili zorakılıq hallarına səbəb olur.
Tədbirdə şagirdləri maraqlandıran suallar ətraflı cavablandırıldı və müəllimlərə mövzu ilə bağlı “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” haqqında müvafiq məlumatlar təqdim olundu.