132-134 nömrəli Təhsil Kompleksinin komandası Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Gələcək Burada Başlayır” məktəb simpoziumunda “ƏN YAXŞI BİZNES İDEYASI” nominasiyasının qalibi olub.
İqlim dəyişikliyinin azaldılması və uyğunlaşma tədbirləri üzrə məktəb simpoziumu gənc nəsli iqlim dəyişikliyi fəaliyyətlərinə təşviq etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin koordinasiyası, Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, Avropa İttifaqı (Aİ), Yaşıl İqlim Fondu və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin birgə əməkdaşlığı ilə təşkil olunub.
Simpoziumda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa Birliyi və BMTİP-nin nümayəndələri “Gələcək Burada Başlayır” mövzusunda məktəb müsabiqəsinin iştirakçılarının hazırladığı layihələrlə tanış olublar.
Müsabiqədə 13 dövlət və özəl məktəblərində təhsil alan 100-ə yaxın məktəbli iştirak edib. Yuxarı sinif şagirdləri iqlim dəyişikliyi ilə əlaqəli problemləri aradan qaldırmaq üçün yeni həll yolları tapmaqda maraqlı olduqlarını bildirib və asanlıqla həyata keçirilə bilən müxtəlif layihələri təqdim ediblər.
Kompleksimiz simpoziumda Biologiya, Həyat Bilgisi və Steam müəllimi Rübabə Səmədovanın mentorluğu ilə hazırlanan “Zero Green” layihəsi ilə çıxış edib.