XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunan Anım tədbiri keçirildi.

Anım tədbirində xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş və müstəqilliyimizin ilk Şəhidləri kimi qəlbimizdə əbədi yaşayacaq olan 20 Yanvar şəhidlərinin, o cümlədən 1990-cı ildə 134 saylı orta məktəbin 7-ci sinif şagirdi olan Şəhid Larisa Məmmədovanın əziz xatirəsi xüsusi ehtiramla yad olundu.

Kompleksin direktoru, Əməkdar müəllim Sara Xanlarova çıxışında qeyd etdi ki, 1990-cı ilin 20 Yanvar tarixi Azərbaycan xalqının həyatında mühüm dönüş nöqtəsi oldu. Qanlı Yanvar hadisələri Azərbaycan xalqının milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi. Bu qanlı terror hadisəsi nəticəsində Azərbaycanda Sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlılarının təşkilatlanmasına səbəb oldu. Diqqətə çatdırıldı ki, Ümummilli Lider Heydər Əliyev o dövrün siyasi mürəkkəbliyinə baxmayaraq, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların müəyyən edilib aşkara çıxarılması məsələsini faciənin baş verdiyi ilk gündən etibarən diqqətdə saxlayıb və bunun nəticəsində bu cinayət aktı haqqında həqiqətlər üzə çıxıb. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev 20 yanvar şəhidlərinin qəhrəmanlığının və xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət göstərir. Xalqımız 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış, müstəqilliyimiz uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarını unutmur. Müstəqilliyimiz əbədidir, torpaqlarımız azaddır, Azərbaycan qalib ölkə kimi dünyada əsl söz sahibidir.

Anım tədbirində 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri 1990-cı il 20 Yanvar faciəsinə, insanlığa qarşı cinayət olan bu dəhşətli qətliamın qurbanlarına və müstəqilliyimizin ilk Şəhidlərinin xalqımızın qəlbindəki əbədiyaşar əziz xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Məktəblilər qan yaddaşımıza həkk olunan və milli iradəmizin zəfər çaldığı 20 Yanvar qəhrəmanlıq gününə həsr olunan şerlər səsləndirdilər, musiqi kompozisiyaları ifa etdilər. Məktəblilərin çıxışlarında xüsusilə qeyd olundu ki, 2020-ci ildə Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Qarabağ Zəfərindən sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün Şəhidlərimizin qisası alındı, qəhrəman oğul və qızlarımızın ruhu şaddır.

Allah bütün Şəhidlərimizə qəni-qəni rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.