XƏBƏRLƏR

Dekabrın 12-də 132-134 nömrəli Təhsil Kompleksində müasir, müstəqil Azərbaycanın banisi və qurucusu, dahi siyasətçi və görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin Anım gününə həsr olunan tədbir keçirildi.

İlk öncə, Dövlət Himni səsləndirildi və Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğuna və xalqımızın müstəqilliyinə həsr olunan həyat və fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş olundu.

Təhsil Kompleksinin şagirdləri Ulu Öndər Heydər Əliyevin böyük şəxsiyyət, müdrik dövlət xadimi kimi xalqımızın milli azadlıq və müstəqillik tarixində xilaskarlıq rolu, mənalı həyat yolu və zəngin irsinə həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.

Müasir müstəqil Azərbaycanın qurucusu və banisi Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müasir tarixində əvəzolunmaz rolu, müstəqil dövlətçiliyimizin xilası, qorunması və möhkəmlənməsi üçün xalqımız qarşısında misilsiz xidmətləri, Ulu Öndərin əbədiyaşar ideyaları haqqında danışan 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova Ümummilli Lider Heydər Əliyevin şərəfli və xalqa, dövlətə həsr olunan ömür yolu haqqında məktəblilərə geniş məlumat verdi. Qeyd olundu ki, fenomenal xüsusiyyətlərə malik olan bu dahi şəxsiyyətin zəngin dövlətçilik irsi ilə yanaşı səmimiliyi, sadəliyi, ailəcanlığı, yüksək vətənpərvərliyi, çətin və şərəfli həyat yolu, bütün çətinliklərə qalib gəlmək üçün mübarizliyi, iradəsi kimi fərdi xüsusiyyətləri Azərbaycan gənclərinin, böyüməkdə olan yeniyetmələrin təlim-tərbiyəsi üçün çox gözəl nümunədir. Direktor vurğuladı ki, müasir gənclər bilməlidirlər ki, ildən-ilə güclənən, inkişaf edən müasir müstəqil Azərbaycan, xoşbəxt uşaqların böyüdüyü ölkəmizdəki mövcud firavan həyat şəraitinin səbəbkarı, qurucusu, bünövrəsini qoyan məhz Ulu Öndər Heydər Əliyev olmuşdur. Hər birimizin bu gün əsas vəzifəsi, müasir müstəqil Azərbaycanın inkişafına töhfə vermək, bayrağımızı hər zaman ucalarda dalğalandırmaq və ölkəmizin qurucusu olan dahi Heydər Əliyevin zəngin irsini öyrənmək, ondan nümunə götürmək və gələcək nəsillərə ötürməkdir. S.Xanlarova gənclərə yaxşı təhsil almağı, ölkəmiz üçün layiqli vətəndaş olmağı, həm məktəbdə, həm bütün həyat yolunda əlaçı olmağı, hər zaman bütün fəaliyyətlərində irəlidə, ön sıralarda olmağı bacaran Ulu Öndərdən nümunə götürməyi və dünyanın istənilən ölkəsində təhsil də alsalar, yaşasalar da hər zaman azərbaycanlı olmaqları ilə fəxr etməyi tövsiyə etdi.

Ulu Öndərin ən ümdə və müqəddəs arzularından birinin Qarabağ torpaqlarının azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı olduğuna diqqət çəkən direktor qeyd etdi ki, Heydər Əliyev işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində sistemli və məqsədyönlü fəaliyyətin əsasını qoydu. Bu şərəfli missiyanı Ümummilli Liderin parlaq ideyalarının davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfər ilə başa çatdırdı. Azərbaycan bu uğurlu siyasət nəticəsində Ulu Öndərin böyük uzaqgörənliklə illər öncə qeyd etdiyi kimi, dünyaya günəş kimi parladı və xalqımız mübarizliyi, mərdliyi, cəsarəti ilə dünyaya səs saldı.

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinin hər bir azərbaycanlı tərəfindən böyük fəxarətlə qarşılanmasını xüsusi qeyd edən direktor bildirdi ki, Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu, çoxşaxəli irsi və müstəsna fəaliyyəti xalqımızın milli sərvəti kimi gənc və gələcək nəsillər üçün daim nümunə olacaq və Azərbaycan xalqının yolunu hər zaman işıqlandıracaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.