2024-cü il 18 aprel tarixində Milli Müdafiə Universitetinin nümayəndə heyəti paytaxt Bakı şəhərinin mərkəzində yerləşən Səbail rayonunun 132-134 nömrəli Təhsil Kompleksinin akt zalında şagirdlərlə görüşüb. Görüşdə 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova, Təhsil Kompleksinin çağırışaqədərki hazırlıq üzrə hərbi rəhbərləri və məktəbin 10-11-ci sinif şagirdləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təhsil Kompleksinin direktoru Sara Xanlarova tədbiri giriş sözü ilə açıb. Daha sonra gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onlara dövlətçiliyə sədaqət hisslərinin təlqin edilməsi məqsədilə təşkil olunan görüşdə Milli Müdafiə Universiteti Elmi Tədqiqat İnstitutunun Humanitar elmlər şöbəsinin professoru, “Dərbənd” İctimai Birliyinin sədri, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Əliyev çıxış edib.
132-134 nömrəli Təhsil Kompleksinin müəllim heyətinin də iştirak etdiyi görüşdə ölkəmizdə gənc nəslin milli-mənəvi dəyərlərimizə, tarixdən gələn ənənələrimizə bağlı, Vətənə sevgi, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması istiqamətində müxtəlif sahələrdə atılan addımlardan danışılıb. Qeyd olunub ki, Vətən müharibəsi, eləcə də digər uğurlu əməliyyatlarda Qələbənin qazanılmasını təmin edən mühüm amillərdən biri də gənclər arasında vətənpərvərlik ruhunun aşılanması ilə bağlı uğurlu işin aparılmasıdır.
Milli Müdafiə Universiteti Elmi Tədqiqat İnstitutunun Humanitar elmlər şöbəsinin professoru Nurulla Əliyev bildirib ki, görüşün əsas məqsədi məktəbliləri Azərbaycan Ordusunda həyata keçirilən yeniliklər, Müdafiə Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı hərbi təhsil müəssisələrin fəaliyyəti ilə tanış etmək, gələcəkdə karyerasını zabit kimi davam etdirmək istəyən gənclərə dəstək olmaqdır. O, məktəblilərə xüsusi təyinatlı hərbi təhsil müəssisələrində yaradılmış şərait, təklif olunan xidmət növləri, imtiyazlar, Müdafiə Nazirliyi sisteminə daxil olan xüsusi təyinatlı ali hərbi təhsil müəssisələrindəki ixtisaslar, müraciət qaydaları barədə ətraflı məlumat verib. N.Əliyev zabit olmaq istəyən gənclər üçün yaradılan şəraitdən danışıb, hərbçi olmağın şərəfli, qürurlu bir vəzifə olduğunu diqqətə çatdırıb.
Görüş zamanı, həmçinin Heydər Əliyev adına Hərbi İnstituta 2024/2025-ci tədris ili üçün I, II və III ixtisas qrupları üzrə sənəd qəbulun qaydaları və burada mövcud olan ixtisaslar barədə ətraflı məlumat verilib. Həmçinin, Bakı şəhərində yerləşən Heydər Əliyev adına Hərbi İnstitutda, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində, o cümlədən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Quba, Qəbələ, Qazax, Bərdə, Beyləqan, Cəlilabad, Lənkəran rayonlarının təhsil sektorlarında yaradılmış sənəd qəbulu məntəqələri haqqında məlumatlar verilib, bu sahədə görülən işlər müzakirə olunub.
Tədbirdə görüş iştirakçılarına Heydər Əliyev adına Hərbi İnstituta və Hərbi kollecə həsr olunmuş videoçarxlar nümayiş olunub.
Sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Sonda xatirə şəkilləri çəkdirilib.