XƏBƏRLƏR

Fevralın 25-də 132-134 nömrəli Təhsil Kompleksində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan tədbir keçirildi.

Anım tədbirində XX əsrin ən dəhşətli faciələrindən biri, bəşəriyyətə və insanlığa qarşı törədilmiş ağır cinayət olan Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi yad olundu, Azərbaycan xalqının qan yaddaşına həkk olunan 26 fevral 1992-ci il tarixli görünməmiş vəhşət gecəsində qarlı meşələrdə yüzlərlə vətəndaşımızı xilas etməyə nail olan, xain düşmənlə sona qədər mübarizə aparan və müqəddəs amal uğrunda qəhrəmancasına Şəhid olan xalqımızın igid oğul və qızlarının mübarizlik ruhu, fədakarlığı və əbədiyaşar xidmətlərinə həsr olunan ədəbi-bədii kompozisiya təqdim olundu.

İlk öncə Dövlət Himni səsləndirildi. Sonra Azərbaycan xalqına qarşı xüsusi amansızlıqla törədilmiş Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Anım tədbirində 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Kompozisiyada məktəblilər Azərbaycan xalqının qanayan yarası olan Xocalı faciəsi ilə bağlı duyğularını, xalqımızın hüznünü, ağrısını, eyni zamanda 44 günlük tarixi Vətən müharibəsində Xocalı qətliamını törədən erməni qəsbkarlarından artıqlaması ilə alınan intiqamımızdan sonra hiss olunan ümumxalq qüruru məharətlə ifa etdikləri şerlərdə, mahnılarda və səhnəciklərdə təqdim etdilər. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən genişmiqyaslı işlər barədə və Azərbaycan xalqının qələbə əzminin və əzəli düşmənimizdən döyüş meydanında alınan qisasın təccəssümü olan 44 günlük Vətən müharibəsinə həsr olunan videoçarxlar nümayiş olundu.

Çıxış edən Kompleksin direktoru Sara Xanlarova bildirdi ki, Azərbaycan xalqı 25-26 fevral tarixlərini hər il böyük hüzün və ağrı ilə yad edir. Lakin 44 günlük Vətən müharibəsindən sonra biz təqvimdəki hər tarixi öncəki illərdən fərqli tərzdə qeyd edirik. Vətən müharibəsi çoxəsrlik tarixində çox ağrı-acılara şahid olmuş Azərbaycan xalqının qalib və əzəli düşmənindən qisası alınmış, tarixinə, soy kökünə bağlı mübariz xalq olduğunu sübut etdi. Qeyd olundu ki, əsrin, tarixin ən böyük faciəsi olan Xocalı soyqırımının 30-cu ildönümündə biz hər il olduğu kim Xocalı qurbanlarını eyni ürək ağrısı və hüzünlə yad edir, onların ruhları qarşısında baş əyir, bir daha Azərbaycan xalqının qəhrəmanlığına və fədakarlığına şahidlik edirik. S.Xanlarova Xocalı qətliamına ilk siyası qiymətin Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulayaraq dünyada Xocalı soyqırımına layiqli qiymət verilməsi istiqamətində möhtərəm Prezidentimiz İlham Əliyev, Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən həyata keçirilən çoxşaxəli işlər, genişmiqyaslı təbdirlər haqqında məktəblilərə ətraflı məlumat verdi. Xüsusi qeyd olundu ki, 44 günlük Vətən müharibəsi Xocalı Şəhidlərinin, Birinci Qarabağ müharibəsi Şəhidlərinin, xalqımızın günahsız qurbanlarının intiqamının əzəli düşmənimizdən artıqlaması ilə alındığı qəhrəmanlıq dastanı oldu. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan xalqının milli mənafelərinə xidmət edən siyasi kurs ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə və Azərbaycanın tarixi qəhrəmanı İlham Əliyev 30 illik məsafəni igid əsgər və zabitlərimiz, güclü Ordumuzla 44 gün ərzində qət etdi və tarixi ədalət zəfər çaldı, Azərbaycan xalqının günahsız qurbanlarının qisası döyüş meydanında alındı.

132-134 nömrəli Təhsil Kompleksində gənc nəslin yüksək vətənpərvərlik və milli ruhda təlim-tərbiyəsinə hər zaman xüsusi diqqət göstərildiyini qeyd edən S.Xanlarova bildirdi ki, Bakının tarixi məktəbləri olan 132 və 134 nömrəli məktəblərin məzunları Birinci Qarabağ müharibəsində qəhrəmancasına iştirak ediblər, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov 134 nömrəli məktəbin məzunu olub. 44 günlük Vətən müharibəsində Kompleksimizin üç nəfər məzunu qəhrəmancasına Şəhid olub. Bu şərəfli tarix və Kompleksimizin Vətənin müdafiəsinə, Azərbaycanın müstəqilliyinə töhfələri bu gün 132-134 nömrəli Təhsil Kompleksinin bütün müəllim-şagird kollektivinin qürur mənbəyidir. S.Xanlarova diqqətə çatdırdı ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. 44 günlük Vətən müharibəsi xalqımızın əzmkarlığının, qəhrəmanlığının, gənclərimizin dövlətinə, xalqına, millətinə sevgisi, yüksək vətənpərvərliyinin təcəssümü, eyni zamanda tarixboyu Azərbaycan xalqına qarşı erməni qəsbkarları tərəfindən törədilmiş qanlı cinayətlərə layiqli cavab oldu.

Direktor məktəblilərə tariximizi yaxşı öyrənməyi, Vətənimizə, torpağımıza böyük sevgi və sədaqət ruhunda böyüməyi, dərslərini əla oxuyaraq savadlı kadrlar kimi formalaşmağı və Vətəninə layiqli xidmət etməyi, Azərbaycanın ildən-ilə inkişafı və qüdrətlənməsinə töhfələr verməyi tövsiyə etdi.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Xocalı soyqırımında həlak olan soydaşlarımızı ehtiramla yad edirik. Xocalıya ədalət!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.