132-134 nömrəli Təhsil Kompleksində “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın həyata keçirilməsi üzrə Fəaliyyət Planının icrası istiqamətində təhsilalanlar arasında maarifləndirmə işi davam edir.
23.11.2022-ci il tarixində yuxarı sinif şagirdləri üçün məktəbin psixoloqları tərəfindən “Cəmiyyətdə gender əsaslı cins seçiciliyinin, qızların təhsildən yayınması hallarının və erkən nikahların qarşısının alınması” mövzusunda məlumatlandırıcı seminar təşkil olundu.
Seminarda məktəblilərə məlumat verildi ki, oğlan uşaqlarına verilən üstünlük Azərbaycanda mövcud olan patriarxal ailə strukturu və təcrübələrinin endemik tərkib hissəsini təşkil edir ki, bu da sosial və iqtisadi cəhətdən oğlan uşaqlarına qızlardan daha çox dəyər verilməsini şərtləndirən sosial müstəvidə bərqərar olmuş amillərdən qaynaqlanır. Miras və torpaq hüquqları üzərində vərəsəlik əsasən nəsildəki kişi xətti boyunca keçir; bundan əlavə, işçi qüvvəsinin strukturunda daha çox kişilərin yer alması onları ailə gəlirlərinin təmin edilməsində daha həlledici mövqeyə çıxarır. Həmçinin yaşlı valideynlər effektiv sosial təminat mexanizmləri olmadığı təqdirdə əksər hallarda məhz oğullarının dəstəyindən asılı durumda olur. Bütün bunlarla yanaşı, cəmiyyətin yazılmamış qanunları yalnız oğulların ailə soyadını davam etdirmələrini və bəzi dini və mədəni ayinləri həyata keçirmələrini diktə edir.
Mövcud dəlillər bazası və BMT-nin Əhali Fondu tərəfindən həyata keçirilən məlumatlandırma və maarifləndirmə səyləri artıq ölkədə müvafiq siyasət çərçivəsinin təsdiqlənməsinə töhfəsini vermişdir. Dəlillərə əsaslanan məlumatlar bazasının və aidiyyatı siyasət çərçivəsinin inkişafı ilə yanaşı, BMT-nin Əhali Fondunun ölkə ofisi öz fəaliyyətində Azərbaycanda gender əsaslı cins seçiciliyinin, eləcə də erkən nikahların qarşısının alınması və aradan qaldırılması prosesində kişilərin müttəfiq və tərəfdaş kimi cəlb edilməsinə fokuslanan məlumatlandırma, maarifləndirmə və ictimai vəkillik fəaliyyətlərinə xüsusi yer ayırır.