XƏBƏRLƏR

Dekabrın 12-də 132-134 nömrəli Təhsil Kompleksində müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin Anım gününə həsr olunan tədbir keçirildi.

İlk öncə, Dövlət Himni səsləndirildi və Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğuna və xalqımızın müstəqilliyinə həsr olunan həyat və fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş olundu.

Təhsil Kompleksinin şagirdləri Ulu Öndər Heydər Əliyevin müasir dünya tarixində parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, müdrik dövlət xadimi kimi xalqımızın milli azadlıq və müstəqillik tarixində xilaskarlıq rolu, mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinə həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.

Müasir müstəqil Azərbaycanın qurucusu və banisi Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində əvəzolunmaz rolu, dövlətçiliyimizin xilası, qorunması və möhkəmlənməsi üçün xalqımız qarşısında misilsiz xilaskarlıq missiyaları, Ulu Öndərin əbədiyaşar ideyaları haqqında danışan 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova Ümummilli Lider Heydər Əliyevin şərəfli və xalqına, millətinə həsr olunan ömür yolu haqqında məktəblilərə geniş məlumat verdi. Ulu Öndər Heydər Əliyev haqqında böyük Azərbaycanlı, dahi şəxsiyyət, görkəmli dövlət xadimi kimi bəhs edən S.Xanlarova qeyd etdi ki, ötən əsrin 70-ci illərindən etibarən 30 ildən artıq bir müddətdə Azərbaycanda iqtisadiyyatın, elm, təhsil və mədəniyyətin təşəkkülü və inkişafı bilavasitə Ümummillli Lider Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Vurğulandı ki, Azərbaycanı, xalqımızı hədsiz çox sevən və bütün ömrünü müstəqil Azərbaycanın inkişafına həsr edən Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarını, xalqımızı vahid azərbaycançılıq məfkurəsi ətrafında birləşdirdi.

Ulu Öndərin ən ümdə və müqəddəs arzularından birinin Qarabağ torpaqlarının azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı olduğuna diqqət çəkən direktor qeyd etdi ki, Heydər Əliyev işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində sistemli və məqsədyönlü fəaliyyətin əsasını qoydu. Bu şərəfli missiyanı Ümummilli Liderin parlaq ideyalarının davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfər ilə başa çatdırdı.

Heydər Əliyevin hakimiyyətdə olduğu dövrü Azərbaycan təhsilinin sürətli yüksəliş illəri kimi qeyd edən S.Xanlarova təhsil sahəsində bu siyasətin Ulu Öndərin layiqli siyasi davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən eyni həssaslıqla davam etdirildiyini diqqətə çatdırdı. Vurğulandı ki, 132-134 nömrəli Təhsil Kompleksinin 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi sərəncamı ilə əsaslı şəkildə təmiri və yenidən qurulması, tarixi və zəngin təhsil ənənələri olan bu məktəbin tarixinə qızıl hərflərlə yazıldı.

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinin hər bir azərbaycanlı tərəfindən böyük fəxarətlə qarşılanmasını xüsusi qeyd edən direktor bildirdi ki, Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu, çoxşaxəli irsi və müstəsna fəaliyyəti xalqımızın milli sərvəti kimi gənc və gələcək nəsillər üçün daim nümunə olacaq və Azərbaycan xalqının yolunu hər zaman işıqlandıracaq. S.Xanlarova məktəblilərə dahi şəxsiyyət, görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin şərəfli həyat və dövlətçilik yolundan nümunə götürməyi, dövlətimizə layiqli vətəndaşlar kimi böyüməyi, tariximizi yaxşı oxumağı, doğma Azərbaycan dilimizi mükəmməl öyrənməyi, azərbaycançılıq ideyalarını daim ləyaqətlə  yaşatmağı və təbliğ etməyi tövsiyə etdi.

Çıxış edən 132-134 nömrəli Təhsil Kompleksinin Tarix müəllimi, Qabaqcıl təhsil işçisi Şıxəmirova Yelena Lvovna Ulu Öndər dühası, Heydər Əliyev şəxsiyyətinin Azərbaycan xalqı üçün misilsiz xidmətləri haqqında çıxış etdi. Y.Şıxəmirova vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Zaman ötdükcə Heydər Əliyev şəxsiyyətinin fenomenallığı, siyasətinin uzaqgörənliyi və xidmətlərinin miqyası daha yaxşı dərk olunur. 44 günlük Vətən müharibəsindəki Böyük Qələbə Ulu Öndər Heydər Əliyev ideyalarının və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasətinin növbəti təntənəsi oldu. Nə qədər Azərbaycan və Azərbaycan xalqı var, Ümummillli Lider Heydər Əliyev ideyaları və müstəqil Azərbaycan dövləti, xalqı üçün əvəzsiz xidmətləri yaşayacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.