Diqqətin inkişaf səviyyəsi uşağın məktəb təlimində müvəffəqiyyət qazanmasında çox böyük rol oynayır. Uşağın təhsildə uğur qazanması üçün ilk növbədə onun diqqətini və müşahidəçilik qabiliyyətini tərbiyə etmək lazımdır. Diqqətin inkişaf etməsi məhz kiçik məktəb yaşlarında baş verir. Bu psixi funksiya formalaşmadan təlim prosesi qeyri-mümkündür. Dərsdə müəllim şagirdlərin diqqətini tədris materialına cəlb edir və uzun müddət saxlayır.
Kiçik məktəblilərin diqqəti asanlıqla yayınır, uzun müddət konsentrasiyalarını toplamağa qadir olmur, həyəcanlı və emosional olurlar. Bu səbəblə 132-134 nömrəli Təhsil Kompleksində Kompleksin psixoloqları tərəfindən ibtidai sinif şagirdləri ilə diqqətin toplanılması mövzusunda fərdi və qrup halında məsləhətlər keçirilir.
Kompleksin psixoloqu Quliyeva Aytən şagirdlərlə bu həftə “Diqqətin toplanılması metodikası” mövzusunda görüşlər, məsləhətlər təşkil edir. Bu zaman psixoloq uşaqlarla yaddaş, diqqət, təfəkkür, öz hisslərini dərk və idarə etmək, digər insanların hisslərini tanımaq və anlamaq qabiliyyəti, təsvir prosesində rəng çalarlarından istifadə, motorika, məsələnin həllini axtararkən özünəinam və müstəqillik nümayiş etdirmək, ünsiyyət vərdişləri, öz yanaşmalarını izah etmək və müdafiə etmək qabiliyyəti mövzularında söhbətlər aparır və konkret tapşırıqlar əsasında uşaqlara bu mövzuları izah edir.