XƏBƏRLƏR

16 noyabr – 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək Şəhid olan 132-134 nömrəli Təhsil Kompleksinin məzunu Əliyev Fərid Pirəli oğlunun Şəhid olmasının ildönümü və anım günüdür. Bu gün Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Səbail rayonu Şəhidlərinin ailə üzvləri, Fəridin yaxınları, döyüş yoldaşları, 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova və məktəbin müəllimləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar qəhrəman Şəhidimizin məzarını ziyarət etdilər, əziz və əbədiyaşar xatirəsini ehtiramla yad etdilər, məzarı üzərinə güllər düzdülər və ruhuna dualar oxudular.

Anım tədbirində Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova və Şəhid Fəridin ailə üzvləri, döyüş yoldaşları çıxış etdilər. Vurğulandı ki, ölkə Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qarabağ Zəfəri nəticəsində Azərbaycan xalqı qalib, məğrur xalqa çevrildi. “8 Noyabr – Zəfər Günü” Azərbaycan xalqının milli qürur günü və müasir, müstəqil Azərbaycanın şanlı hərbi qələbəsinin rəmzi kimi əbədi olaraq yaşayacaq. Fərid kimi Vətənin igid oğulları bu qəhrəmanlıq dastanını qanları ilə yazaraq uca Şəhadət məqamına yüksəldilər. Qədirbilən Azərbaycan xalqı Şəhidlərinin əziz xatirəsini daima ehtiramla yad edəcək və onların Vətən qarşısındakı əvəzsiz xidmətlərini, fədakarlığını, Vətən sevgisini gənc və gələcək nəsillər üçün nümunə olaraq göstərəcəkdir.

____

16 noyabr tarixində 132-134 nömrəli Təhsil Kompleksində qəhrəman məzun Şəhidimiz Fərid Əliyevin Anım gününə həsr olunan dərslər keçirildi, məktəblilərə Şəhidimizin şərəfli həyat və döyüş yolu haqqında məlumat verildi, Kompleksin muzeyində yaradılmış Şəhid Məzunlar Güşəsi ziyarət olundu.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində Kompleksin üç qəhrəman məzun Şəhidinin və Birinci Qarabağ müharibəsinin Şəhidi, Milli Qəhrəman Riad Əhmədovun əziz xatirəsi daima yüksək ehtiramla yad olunur və məktəblilərə Azərbaycanın suverenliyi, müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpası uğrunda qəhrəmanlıq göstərmiş məzun Şəhidlər haqqında məlumatlar verilir.

Kompleksimizdə qəhrəman məzun Şəhidlərimizin adını daşıyan sinif otaqlarında Şəhid guşələri yaradılıb və bu sinif otaqları şagirdlərimizin böyük məhəbbət və ehtiramla ziyarət etdikləri məkana çevrilib. Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.