132-134 nömrəli Təhsil Kompleksində 8 Noyabr – Zəfər Günü münasibətilə “Ata vəsiyyəti və inamlı Zəfər!” adlı bayram tədbiri keçirildi.
Tədbirdə Kompleksin qəhrəman Şəhid məzunlarının və Səbail rayonunun on altı nəfər Şəhidinin valideynləri, Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və rayon ziyalıları iştirak etdilər.
İlk öncə 132-134 nömrəli Təhsil Kompleksinin qəhrəman məzun Şəhidləri Fərid Əliyev, Yusif Budaqov və Nicat Tarıverdiyevin Təhsil Kompleksindəki xatirə barelyefləri ziyarət olundu və 44 günlük Vətən müharibəsinin bütün qəhrəman Şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Kompleksin Akt zalında tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı. Tədbirdə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Şanlı Qələbənin üçüncü ildönümünə, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinə, qəhrəman Azərbaycan Ordusunun rəşadətinə və Vətənin suverenliyi, ərazi bütövlüyü uğrunda canını fəda edən Şəhidlərimizə və Səbail rayonunun Şəhidlərinə həsr olunan çıxışlar edildi, məktəblilər tərəfindən hazırlanan və ifa olunan ədəbi-bədii kompozisiya təqdim olundu.
Bayram tədbirində vurğulandı ki, müasir müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə həkk olunan 44 günlük Vətən müharibəsi elə bir möhtəşəm hadisədir ki, Şuşanı, Qarabağı, Xocalını, Xankəndini 30 illik işğaldan, Azərbaycanın əzəli torpaqlarını iki əsrlik düşmən tapdağından azad edən möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan, dünyamiqyaslı siyasətçi İlham Əliyev xalqımızın əbədi milli qəhrəmanıdır.
Tədbir qürur və fəxr dolu duyğulu anlarla yadda qaldı.
Qələbən mübarək, Şanlı Azərbaycan! Yaşasın qəhrəman Azərbaycan xalqı! Şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun! QARABAĞ AZƏRBAYCANDIR!