1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş vermiş qanlı faciədən 34 il ötür. 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirir. Hər il ümumxalq hüznlə yad edilən 20 Yanvar faciəsi Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. 20 Yanvar – Azərbaycan tarixində təkcə faciə deyil, istiqlal yolunun ilk zirvəsi, milli azadlıq istəyinin oyanış günüdür.
Yanvarın 19-da 132-134 nömrəli Təhsil Kompleksində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunan tədbir keçirildi. Anım tədbirində xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş və müstəqilliyimizin ilk Şəhidləri kimi qəlbimizdə əbədi yaşayacaq olan 20 Yanvar Şəhidlərinin, o cümlədən 1990-cı ildə 134 saylı orta məktəbin 7-ci sinif şagirdi olan Şəhid Larisa Məmmədovanın əziz xatirəsi xüsusi ehtiramla yad olundu.
Tədbirdə səsləndirilən çıxışlarda qeyd olundu ki, Azərbaycan tarixinə hüzn və şərəflə yazılan 20 Yanvar günü xalqımızın qan yaddaşına həkk olunub. Xalqımız həmin hadisələrdə şəhidlər verib və igid Vətən övladlarının sarsılmaz iradəsindən, milli ruhun əzmindən, istiqlaliyyət amalından şanlı qəhrəmanlıq tarixi yaradıb.
132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri 1990-cı il 20 Yanvar faciəsinə, insanlığa qarşı cinayət olan bu dəhşətli qətliamın qurbanlarına və müstəqilliyimizin ilk Şəhidlərinin xalqımızın qəlbindəki əbədiyaşar əziz xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.
Allah bütün Şəhidlərimizə qəni-qəni rəhmət eləsin!