XƏBƏRLƏR

07 fevral tarixində ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirildi. Bu seçkilər xalqımız və dövlətimiz üçün olduqca əlamətdar oldu. İlk növbədə, qeyd etmək lazımdır ki, bu seçkilərin ərazi bütövlüyü bərpa olunmuş müasir müstəqil Azərbaycanın bütün ərazisində keçirilməsi ən qürurverici məqamlardan biridir. Bu seçki dövlətimizin inkişaf tarixində 20 illik dövrün sanki hesabatı oldu. Xalqımız yenidən Prezidentimizə etimad etdi, böyük sevgi və əminliklə cənab Prezidentimizə səs verdi. Cənab İlham Əliyev mütləq səs çoxluğu ilə bu seçkinin də qalibi oldu. Bu seçki nəinki Azərbaycanda, eləcə də Cənubi Qafqazada siyasi dialoq mühitinin, demokratik ənənələrin dərinləşməsinə xidmət edən növbəti təcrübə oldu. Seçki günü insanlar böyük ruh yüksəkliyi ilə səsvermədə iştirak etdi. Hər kəs səmimi qəlbdən xalqımıza tarixi nailiyyətlər qazandıran, Azərbaycanı sözün əsl mənasında müstəqil qalib dövlətə çevirən Liderinə səs verdi.

Bu seçkinin daha bir əlamətdar xüsusiyyəti cənab Prezidentin Xankəndidə səs verməsi idi. 14 fevral tarixində Milli Məclisdə keçirilən andiçmə mərasimində dövlət başçısının nitqində Xankəndidə səs verməsi ilə bağlı qeyd etdiklərini hər birimiz qürurla dinlədik. Bəli, məhz Xankəndidə bu səsvermənin keçirilməsi öz əlamətdarlığı ilə seçildi. Cənab Prezidentin qeyd etdiyi kimi, “Mən, bildiyiniz kimi, səsvermə prosesində Xankəndidə iştirak etmişdim. Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar. Məhz Xankəndidə hələ 1980-ci illərin sonlarında xalqımıza qarşı qanlı cinayətlər başlamışdır. Məhz Xankəndidə səs verdiyim binada xalqımıza qarşı soyqırımı planlaşdırılırdı və oradan idarə olunurdu. Məhz səs verdiyim binanın önündə yerləşən meydanda erməni millətçiləri və ondan sonra Ermənistan dövləti bizə qarşı ərazi iddialarını irəli sürmüşdü. Məhz o binada Qarabağı Azərbaycandan ayırmaq üçün hələ sovet dövründə xüsusi komitə yerləşdirilmişdi və o komitənin əsas məqsədi Qarabağı Azərbaycandan ayırmaq idi, bunu hər kəs bilir. Ona görə məhz orada otuz il bizim tarixi yerimizi, Pənahəli xan tərəfindən salınan o məkanı qanunsuz zəbt edən şeytanlar məhz orada da öz süqutunu özləri təsdiq etmişlər, təbii ki, məcburən. Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.” Bu sözləri böyük qürur və duyğu ilə dinlədik. Biz Liderimizlə fəxr edirik. Azərbaycan heç vaxt bugünkü qədər güclü və müstəqil olmayıb. Əminik ki, xalqımız bundan sonra sülh, əmin-amanlıq və firavanlıq şəraitində yaşayacaq.

Manaflı Gülər
132-134 nömrəli Təhsil Kompleksinin İngilis dili müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.