Yanvarın 19-da 132-134 nömrəli Təhsil Kompleksində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan tədbir keçirildi.
Anım tədbirində xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş və müstəqilliyimizin ilk Şəhidləri kimi qəlbimizdə əbədi yaşayacaq olan 20 Yanvar Şəhidlərinin, o cümlədən 1990-cı ildə 134 saylı orta məktəbin 7-ci sinif şagirdi olan Şəhid Larisa Məmmədovanın əziz xatirəsi xüsusi ehtiramla yad olundu.
Çıxış edən Kompleksin direktoru Sara Xanlarova xalqımızın həyatında ən ağrılı və hüznlü, eyni zamanda böyük qəhrəmanlıq, milli özünüdərk günlərindən biri olan 20 Yanvar faciəsinin tarixindən, Sovet İmperiyası tərəfindən Bakıda Azərbaycan xalqına qarşı törədilmiş bu dəhşətli qətliamın səbəblərindən və tarixi ibrət dərslərindən danışdı. Vurğulandı ki, 20 Yanvar gecəsi hər bir azərbaycanlı üçün müstəqilliyimizə aparan yolda şərəfli mübarizə səhifəsidir. Şəhidlərimizin əbədiyaşar xatirəsini daim əziz tutan Azərbaycan xalqı Birinci Qarabağ Müharibəsində və 2020-ci il Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıqla döyüşən igidlər yetişdirdi. Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu cəmi 44 gün ərzində 30 il işğal altında olan torpaqlarımızı mənfur düşmən tapdağından xilas etdi. Azərbaycan Vətən müharibəsinin qalibi oldu. Bu misilsiz nailiyyət və Şanlı Qarabağ Zəfəri ölkəmizdə aparılan düzgün idarəetmə və gənclər siyasətinin nəticəsidir. Məhz bu siyasət və bütün Şəhidlərimizin, qazilərimizin şücaəti, mətanəti, fədakarlığı nəticəsində bu gün Azərbaycan xalqı məğrur, qalib ölkənin vətəndaşlarıdır. Azərbaycan xalqı daim bütün Şəhidlərimizin əbədi xatirəsini yaşadacaq və onların ruhları qarşısında dərin ehtiramlarını bildirəcəkdir.
Tədbirdə Şəhid şagirdimiz Larisanın valideyni Şəhidlik zirvəsinə ucalan övladı ilə bağlı xatirələrini bölüşdü və gələcək nəsillərə tarixin bu ibrət səhifələrindən nəticə çıxarmağı tövsiyə etdi.
Anım tədbirində 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri 1990-cı il 20 Yanvar faciəsinə, insanlığa qarşı cinayət olan bu dəhşətli qətliamın qurbanlarına və müstəqilliyimizin ilk Şəhidlərinin xalqımızın qəlbindəki əbədiyaşar əziz xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Məktəblilər qan yaddaşımıza həkk olunan və milli iradəmizin zəfər çaldığı 20 Yanvar qəhrəmanlıq gününə həsr olunan şerlər səsləndirdilər, musiqi kompozisiyaları ifa etdilər. Məktəblilərin çıxışlarında xüsusilə qeyd olundu ki, 2020-ci ildə Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Qarabağ Zəfərindən sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün Şəhidlərimizin qisası alındı, qəhrəman oğul və qızlarımızın ruhu şaddır.
Allah bütün Şəhidlərimizə qəni-qəni rəhmət eləsin!