XƏBƏRLƏR
şərh yoxdu

İyunun 14-də 132-134 nömrəli Təhsil Kompleksində “Son zəng” tədbiri keçirildi.

Tədbirdə 132-134 nömrəli Təhsil Kompleksinin qəhrəman məzun Şəhidlərinin valideynləri, Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri, çoxsaylı qonaqlar, məktəb rəhbərliyi, valideynlər, müəllimlər, məzun şagirdlər iştirak etdilər.

“Son zəng” tədbiri Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başladı. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Respublikanın Əməkdar müəllimi Sara Xanlarova onbirinciləri bu əlamətdar “Son zəng” münasibətilə təbrik etdi, məzunlara gələcək həyatlarında uğurlar dilədi və onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzuladı.

Çıxış edən qonaqlar məzunlara müvəffəqiyyətlər arzuladılar və onlara olan etimadı hər zaman doğrultmağı
tövsiyə etdilər.

Tədbirdə məktəblilərin hazırladıqları və məzunların iştirak etdiyi ədəbi-bədii kompozisiyalar nümayiş olundu, onbirincilərin çıxışları dinlənildi. Azərbaycan xalqının 44 günlük müqəddəs Vətən müharibəsində Təhsil Kompleksinin üç qəhrəman məzun Şəhidinin – Nicat Tarıverdiyev, Fərid Əliyev və Yusif Budaqovun, Birinci Qarabağ müharibəsi Şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun əziz xatirələri xüsusi ehtiramla yad olundu.

Daha sonra simvolik “Bilik açarı” məzunlar tərəfindən növbəti tədris ilində birinci sinifə başlayacaq olan Təhsil Kompleksinin builki “Ana Məktəb” məzunlarına təqdim olundu.

Sonda “Son zəng” çalındı. Şarlar və ağ göyərçinlər səmaya uçuruldu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.