XƏBƏRLƏR

8 noyabr 2020-ci il tarixində Azərbaycan xalqı möhtəşəm, tarixi Zəfərini qeyd etdi. 8 Noyabr – Zəfər Günü kimi Azərbaycan xalqının tarixinə əbədi həkk olundu. Azərbaycan dövləti müharibədə qalib gəldiyi kimi, post-müharibə dövründə də əsl qalib xalq olduğunu, işğaldan azad olunmuş torpaqların əsl sahibi olduğunu sübut etdi. Müharibənin bitdiyi tarixdən etibarən Azərbaycan torpaqlarında möhtəşəm bərpa, yenidən qurma layihələri başladı. 30 illik işğal dövründə düşmən Azərbaycan torpaqlarında tarixən xalqımız tərəfindən yaradılan və nəsildən-nəsilə ötürülərək yaşadılan mədəni, dini irsi məhv etməyə çalışdı. İşğaldan azad olunmuş Azərbaycan torpaqlarındakı viran qoyulmuş yaşayış məntəqələri, dağıdılmış, tarixi, mədəni abidələr, xalqımıza qarşı olan düşmənçiliyin ifadəsi olan barbarlıq, vəhşilik hər bir Azərbaycan vətəndaşını təəssüfləndirdi. 44 günlük Vətən müharibəsində qazanılan zəfər zamanı aydın oldu ki, Ermənistan işğal etdiyi Azərbaycanın şəhər və kəndlərini qəsdən dağıdıb, bütün mədəni və dini abidələri talan edib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Hiroşiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilmədi.

Azərbaycan xalqı tarixən qurub, yaradan xalqdır. İşğaldan azad olunmuş torpaqların sahibləri artıq iki ilə yaxındır ki, bu torpaqlara yenidən həyatı qaytarır. Qısa müddətdə o torpaqlarda nəhəng quruculuq işləri görülüb, o torpaqlara qayıdış prosesi artıq başlayıb, Azərbaycan azad edilmiş şəhər və kəndlərində müasir şəhər planlaşdırılması həyata keçirir. İşğaldan azad edilmiş şəhərlərin baş planları artıq hazırdır. Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi və mədəni irsinin qorunması üzərində hazırlanıb. Qarabağ bölgəsi sənaye mərkəzinə çevriləcək. Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa olunur. Ağdam şəhərində ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyətdədir, Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir.

Bütün bu görülən işlər Azərbaycan dövlətinin, xalqımızın torpaqlarımıza necə sahib çıxdığının sübutudur. Qısa müddətdə icra olunan möhtəşəm bərpa-quruculuq layihələri bir daha əminlik yaradır ki, Azərbaycan xalqı gələcək illərdə də sarsılmaz birlik nümayiş etdirməklə torpaqlarımızın abadlaşdırılmasına, doğma Qarabağa yeni və xoşbəxt həyat gətirilməsinə nail olacaq, Qarabağ öz yeni həyatına qovuşacaqdır. Böyük qayıdış Qarabağa əbədi xoşbəxtlik gətirəcək. Prezident cənab İlham Əliyevin “Qarabağı cənnətə çevirəcəyik” ifadəsi çox yaxın zamanda böyük layihələr və işlər sayəsində Qarabağımızın gözəlliyinə gözəllik qatacaqdır.

Abdullayeva Dölət
132-134 nömrəli Təhsil Kompleksinin Riyaziyyat müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.