İyunun 14-də 132-134 nömrəli Təhsil Kompleksində “Son zəng” tədbiri keçirildi.
Tədbirdə Təhsil Nazirliyinin və Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəb rəhbərliyi, valideynlər, müəllimlər, məzun şagirdlər iştirak etdilər.
“Son zəng” tədbiri Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başladı.
132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Respublikanın Əməkdar müəllimi Sara Xanlarova “Son zəng” münasibətilə onbirinciləri təbrik etdi, məzunlara gələcək həyatlarında uğurlar dilədi və onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzuladı. Ulu Öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamını vurğulayan direktor qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətləri, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən “qara qızılı insan kapitalına çevirmək” prinsipi ilə təhsil sahəsində həyata keçirilən düşünülmüş siyasət Azərbaycanda təhsilə olan qayğının ən yüksək səviyyədə olduğunu göstərir. Ölkəmizdə elm və təhsilin davamlı inkişaf konsepsiyasının uğurla gerçəkləşdirilməsində Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd edən S.Xanlarova bildirdi ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi milli təhsilimizdə mühüm dönüş nöqtəsi olmuşdur və təhsil sahəsində bir çox genişmiqyaslı layihələr bu gün də uğurla icra olunmağa davam edir.
Çıxışı zamanı direktor 132-134 nömrəli Təhsil Kompleksinin tarixi, bu təhsil ocağının məzunları və şagirdlərinin yerli və beynəlxalq nailiyyətləri haqqında danışdı. Azərbaycan xalqının 44 günlük müqəddəs Vətən müharibəsində Təhsil Kompleksinin üç qəhrəman məzun Şəhidinin – Nicat Tarıverdiyev, Fərid Əliyev və Yusif Budaqovun, Birinci Qarabağ müharibəsi Şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun əziz xatirələri xüsusi ehtiramla yad olundu.
Qeyd olundu ki, Azərbaycan qalib dövlət kimi bütün sahələrdə, o cümlədən təhsil sahəsində inkişaf edir, müstəqil, ədalətli, demokratik, dünyəvi dövlət kimi ildən-ilə qüdrətlənir və yeni qələbələrə imza atır. Məzunların həyatında yeni, məsuliyyətli mərhələnin başlandığını diqqətə çatdıran S.Xanlarova onların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq Azərbaycanın gələcək inkişafı naminə həyata keçiriləcək proseslərdə fəal iştirak edəcəklərinə dair əminliyi ifadə etdi, onbirincilərə işıqlı yol, aydın səma, gözəl gələcək və milli-mənəvi dəyərlərimizlə, Azərbaycançılıq ilə hər zaman fəxr etməyi arzuladı.
Azərbaycan Respublikasının Şanlı bayrağı “Xudayar təsnifi”nin sədaları altında Azərbaycanın qəhrəman Şəhidlərinin əziz xatirəsinə tədbirə gətirildi.
Tədbirdə çıxış edən digər qonaqlar məzunlara bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında müvəffəqiyyətlər arzuladılar və onlara olan etimadı hər zaman doğrultmağı tövsiyə etdilər.
Tədbirdə şagirdlərin hazırladıqları və onbirincilərin iştirak etdiyi ədəbi-bədii kompozisiyalar nümayiş olundu, məzunların çıxışları dinlənildi.
Daha sonra simvolik “Bilik açarı” onbirincilər tərəfindən növbəti tədris ilində birinci sinifə başlayacaq olan Təhsil Kompleksinin builki “Ana Məktəb” məzunlarına təqdim olundu.
Sonda “Son zəng” çalındı, səmaya əlvan şarlar buraxıldı.