Bu gün, görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü tamam olur.
Oftalmologiya elminə verdiyi töhfələri bu gün də aktuallığını saxlayan, biliyi ilə yanaşı, insanpərvərliyi ilə də seçilən Zərifə xanımın həyatı və fəaliyyəti hər zaman Azərbaycan xalqı tərəfindən dərin hörmətlə yad edilir.
Aprelin 28-də 132-134 nömrəli Təhsil Kompleksində akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir təşkil olundu.
Çıxış edən Kompleksin direktoru Sara Xanlarova qeyd etdi ki, Zərifə xanım hər zaman nəcib və ali insani keyfiyyətləri, elmi fəaliyyəti, ən əsası isə insanlara olan sevgisi, xeyirxahlığı ilə böyük məhəbbət və ehtiramla xatırlanır. Görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi. Vicdanı, əməli pak olan Zərifə xanım oftalmologiya elminin inkişafına böyük töhfələr vermiş və oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadın həkim olmuşdur.
Zərifə xanım Əliyeva, eyni zamanda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur. Bütün həyatı boyu insanların gözlərinə şəfa verən Zərifə xanım Əliyevaya eyni zamanda həm Prezident xanımı olmaq, həm də Prezident anası olmaq kimi nadir insanlara nəsib olan tale qismət olmuşdur. S.Xanlarova vurğuladı ki, Zərifə xanım sadəliyi və səmimiliyi ilə gözəllik yaradırdı. Məhz bu isti, vətənpərvər ocaqda böyüyüb, boya-başa çatan, Zərifə xanımın ailə tərbiyəsinin, görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin siyasi məktəbinin layiqli varisi olan möhtərəm Prezidentimiz İlham Əliyev müstəqil Azərbaycanın ən şanlı qələbələrinə imza atır. Ölkə başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev 30 illik ağrılı münaqişəni siyasi iradəsi və idarəçilik məharəti ilə 44 gündə həll etdi və möhtəşəm Qarabağ Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə həkk olundu. Vurğulandı ki, ümumtəhsil məktəblərində Azərbaycanın görkəmli şəxsiyyətlərinə həsr olunan tədbirlərin, xatirə günlərinin təşkili gənc və gələcək nəslin tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. Zərifə xanım Əliyevanın zəngin həyat yolu, ali insani keyfiyyətləri, xeyirxahlığı və insan sevgisi kiçikdən-böyüyə hər kəs üçün böyük örnəkdir və gözəl insan Zərifə xanımın işıqlı xatirəsi daima Azərbaycan xalqı tərəfindən ehtiramla yad olunacaqdır.
Tədbirdə görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti ilə bağlı videoçarx nümayiş olundu.