Yanvarın 21-də 132-134 nömrəli Təhsil Kompleksinin 8-ci sinif şagirdləri üçün səyyar tarix dərsi çərçivəsində xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda metronun “İçərişəhər” stansiyasının qarşısındakı meydanda ucaldılan abidəsinə maarifləndirici ekskursiya təşkil olundu. Ekskursiya zamanı Kompleksin tarix müəllimi Səmədova Tünzalə məktəblilərə XIX əsrin sonu-XX əsrin əvvəllərində yaşamış xeyriyyəçi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin Bakının iri neft sahibkarı kimi Azərbaycanın iqtisadi və mədəni inkişafına yönəlmiş genişmiqyaslı fəaliyyəti, eləcə də özünəməxsus səxavətlə həyata keçirdiyi çoxşaxəli ictimai, maarifçilik və xeyriyyəçilik işləri haqqında ətraflı məlumat verdi. T.Səmədova diqqətə çatdırdı ki, hələ sağlığında “el atası” adını almış H.Z.Tağıyev dəfələrlə Bakı dumasının üzvü seçilmiş, şəhərin mühüm problemlərinin həllində, qərarların müzakirə və qəbul olunmasında iştirak etmişdi. H.Z.Tağıyev nəinki faydalı təkliflərin təşəbbüskarı kimi onlara səs verir, həm də öz vəsaiti ilə bu təkliflərin həyata keçirilməsinə kömək edirdi. Onun təşəbbüsü və birbaşa iştirakı ilə Bakıda ilk teatr binası tikildi, at-dəmir yolu (konka) işə salındı, şəhərin mərkəzində bir sıra dükan və kontorların yerləşdiyi Ticarət evi – Tağıyev pasajı fəaliyyətə başladı. H.Z.Tağıyev Bakıya içməli suyun çəkilməsi layihəsinin hazırlanıb həyata keçirilməsində yaxından iştirak etmişdir. Hələ 1874-cü ildə o, öz vəsaiti hesabına Bakı şəhərinə su kəmərini çəkdirdiyinə görə üzərində “Səyinə görə” yazısı olan gümüş medalla təltif olunmuşdu. H.Z.Tağıyev 1901-ci ildə ingilis mühəndisi V. Lindley tərəfindən yeraltı suların qazılması işlərinə 25 min rubl vəsait ayırımış və 1917-ci ildə Bakıya içməli su gətirən kəmər istifadəyə verilmişdi.
Maarifin, savadlılığın yayılması kimi mühüm problemin həlli H.Z.Tağıyevin ictimai fəaliyyətində geniş yer tuturdu. Hacı ehtiyacı olan şagirdlərə maddi yardım göstərir, ali tədris müəssisələrində təhsil alan onlarla tələbəyə təqaüd verirdi. Həmin tələbələr arasında sonralar görkəmli ictimai və dövlət xadimləri, alimlər, həkimlər, mühəndislər – Həsən bəy Ağayev, Nəriman Nərimanov, Məşədi Əzizbəyov, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Əziz Əliyev, Ağa Axundov, Qara Axundov, Qarabəy Qarabəyov, Xudadad bəy Məlik-Aslanov, Şahbaz Rüstəmbəyov və başqaları var idi.
H.Z.Tağıyevin gördüyü mühüm işlərdən biri də 1901-ci ildə Bakıda Tağıyevin qız məktəbi adı ilə tanınan, İmperatriçə Aleksandra Fyodorovna adına rus-müsəlman qız məktəbinin açılması idi. Məktəb Şərqdə müsəlman qızlar üçün ilk dünyəvi tədris müəssisəsi olmuşdur. Onun yaradılması üçün H.Z.Tağıyev 1896-cı ildə 150 min rubl ayırmışdı. Ondan 125 min rubl işçi heyət, kitab və dərs ləvazimatı, 25 min rubl isə binanın tikintisi üçün nəzərdə tutulmuşdu. Qız məktəbinin məzunları Azərbaycanın məktəblərində işləmək üçün pedaqoq hazırlanmasının, azərbaycanlı qadınların peşə təhsilinin formalaşmasının əsasını qoydu.
Vurğulandı ki, H.Z.Tağıyev özünün əməlləri, müdrikliyi, xalqının gələcəyinə qayğısı, heyranedici səxavəti, alicənablığı, zamanla ayaqlaşmaq bacarığı ilə nəsillərin yaddaşında silinməz iz qoydu. H.Z.Tağıyevin fəaliyyəti öz layiqli qiymətini yalnız 1980-ci illərin sonunda aldı. Onun adı küçələrə, təhsil, sənaye müəssisələrinə verildi, şərəfinə abidələr ucaldıldı.
Xüsusi olaraq qeyd olundu ki, milli mədəniyyətimizin müxtəlif məqamlarını özündə əks etdirən tarixi abidələrin qorunması, bərpası, gələcək nəsillərə çatdırılması, tarixi şəxsiyyətlərimizin heykəllərinin ucaldılması və adlarının, ictimai-siyasi fəaliyyətlərinin, Azərbaycan mədəniyyətinin inkişafına verdikləri töhfələrin əbədiləşdirilməsi ilə bağlı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət hazırda eyni diqqət və həssaslıqla möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizin müxtəlif guşələrində yüksək estetik dəyərlərə malik olan milli-mənəvi irsə və tarixi keçmişə dərin ehtiram duyğusu oyadan monumental heykəltəraşlıq abidələri, memorial və xatirə kompleksləri ucaldılır və bu əsərlər Azərbaycan heykəltəraşlıq və memarlıq sənətinin ən gözəl nümunələrinə, şəhər və kəndlərimizin görkəminin ayrılmaz hissəsinə çevrilir.
132-134 nömrəli Təhsil Kompleksinin müəllim-şagird kollektivinin görkəmli ictimai xadim Hacı Zeynalabdin Tağıyevi hər zaman xüsusi məhəbbət və ehtiramla yad etdiklərinin bildirildiyi ekskursiya zamanı vurğulandı ki, Kompleksin hazırda fəaliyyət göstərdiyi tarixi bina “Müqəddəs Nina” qızlar gimnaziyası üçün 1886-cı ildə məhz xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə, eyni zamanda bir neçə Bakı milyonçusunun onunla bərabər böyük vəsait sərf etməsi nəticəsində tikilmiş və ikimərtəbəli, geniş, hündür otaqları olan məktəb binası kimi fəaliyyətə başlamışdı. Müxtəlif dövrlərdə bu tarixi binada 1918-1920-ci illərdə hərbi akademiya, 1933-1937-ci illərdə beynəlmiləl məktəb, 1937-2010-cu ilin sentyabr ayına qədər davamlı olaraq məşhur 132 (Azərbaycan) və 134 (Rus) saylı orta məktəbləri fəaliyyət göstərmişdir. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi tapşırığı ilə bina əsaslı şəkildə yenidən qurulmuş və 132-134 nömrəli Təhsil Kompleksi adı ilə fəaliyyətini bu günə kimi uğurla davam etdirir.
Biz Hacı Zeynalabdin Tağıyevi Azərbaycan xalqı üçün böyük işlər görmüş görkəmli xeyriyyəçi-mesenat, ictimai xadim kimi daima yad edirik və Onun xatirəsi bizim üçün çox əzizdir.