XƏBƏRLƏR

17 noyabr – 44 günlük Vətən müharibəsinin Şəhidi Nicat Tarıverdiyevin doğum günüdür. Qəhrəmanımız yaşasaydı bu gün 23 yaşı tamam olacaqdı.

Şəhidimizin doğum günü münasibətilə noyabrın 17-də təhsil aldığı 132-134 nömrəli Təhsil Kompeksində Şəhid Nicat Tarıverdiyevin xatirə günü keçirildi. Gün ərzində Kompleksin bütün monitorlarında qəhrəman Vətən oğlunun şərəfli həyat və döyüş yolunu əks etdirən fotolar nümayiş olundu, Şəhidimizə həsr olunan dərslər keçirildi. Bu əlamətdar gündə məktəbimizin fəxri qonaqları olan Şəhidimizin valideynləri və ailə üzvləri Şəhid Nicat Tarıverdiyev adına sinif otağını ziyarət etdilər, məktəblilərin Şəhidlərimizə, Azərbaycana, azad Qarabağa və xalqımızın qürur, şərəf günü olan 8 Noyabr – Zəfər Gününə həsr etdikləri şerləri dinlədilər. Şəhidimizin Anası Şükran xanım oğlunun xatirəsini və Vətənə xidmətlərini öyrənən, yaşadan məktəblilərə ürəkdən təşəkkür etdi və məzun Şəhidimiz haqqında əziz xatirələrini şagirdlərimizlə paylaşdı.

Təhsil Kompleksinin Muzeyində yaradılmış Şəhid Məzunlar Guşəsi ziyarət olundu, Şəhidlərimizin əbədiyaşar ruhuna ehtiram ifadə olundu.

Kompleksin Akt zalında qəhrəman Şəhidimiz Nicat Tarıverdiyevin doğum günü münasibətilə Anım tədbiri keçirildi. Tədbirdə Təhsil Kompleksinin direktoru Sara Xanlarova, Nicatın döyüş yoldaşı, sinif yoldaşları, ibtidai sinif müəlliməsi, sinif rəhbəri və Nicata dərs deyən müəllimələr çıxış etdilər, qəhrəman Şəhidimizlə bağlı unudulmaz və əziz xatirələrini məktəblilərlə bölüşdülər. Çıxışlarda qeyd olundu ki, Nicat müəllimlərinin sevimli və nümunəvi şagirdi olub, kiçik yaşlarından yüksək vətənpərvərliyi, Vətəninə sonsuz məhəbbəti və bağlılığı, eyni zamanda mərdliyi, cəsarəti və dürüstlüyü ilə seçilib. Vurğulandı ki, Vətənin Nicat kimi mərd, igid oğulları xalqımızın başını uca etdilər, məhz bu qəhrəmanlarımız sayəsində biz bu gün məğrur və qalib xalqa çevrilmişik. Hər zaman valideynlərinin, müəllimlərinin qüruru olan Nicat döyüş meydanındakı qəhrəmanlığı, Vətən uğrundakı fədakarlığı və uca Şəhadət məqamı ilə xalqımızın əbədiyaşar qəhrəmanlarından biri oldu. Xalqımızın Zəfər salnaməsini qanları ilə yazan Şəhidlərimizin həyat və döyüş yolu gənc və gələcək nəsillər üçün hər zaman örnək olacaq və əziz xatirələri qəlblərdə əbədi olaraq yaşayacaqdır.

Çıxış edən Şəhid Anası Şükran xanım qəhrəman övladı ilə qürur duyduğunu bildirərək oğlunun əziz xatirəsini daima ehtiramla yad edən və yaşadan 132-134 nömrəli Təhsil Kompleksinin rəhbərliyinə, müəllim-şagird kollektivinə təşəkkür etdi.

Anım tədbirinin ən duyğusal anlarından biri məktəbin qəhrəman məzun Şəhidi Nicatın hər kəs tərəfindən ayaqüstündə alqışlanması oldu. Bu gurultu alqışlar xalqımıza azad Qarabağ bəxş edən və Şəhadət məqamına yüksələn qəhrəman Şəhidlərimizin ruhlarına həsr olundu.

Şəhidimizlə bağlı duyğusal anların yaşandığı Anım tədbirində canlanan xoş xatirələr iştirakçıların və məktəblilərin yaddaşına həkk olundu.

Ruhun şad olsun, qəhrəman Nicatımız! Uğrunda canından keçdiyin Vətənimiz Azərbaycan var olduqca sən də yaşayacaq və qəlblərdə yaşadılacaqsan. Cənnətdə qeyd etdiyin doğum günün və Şəhadət məqamın mübarək!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.