İyunun 3-də 132-134 nömrəli Təhsil Kompleksində 44 günlük Vətən Müharibəsində Şəhid olan Kompleksimizin qəhrəman məzunları Şəhid Nicat Tarıverdiyevin, Şəhid Fərid Əliyevin və Şəhid Yusif Budaqovun əziz və əbədiyaşar xatirələrinə həsr olunan 5-ci sinif şagirdləri arasında Hərbi-İdman oyunları keçirildi.
Tədbirdə Şəhid valideynləri və ailə üzvləri, Birinci və İkinci Qarabağ Müharibəsinin qaziləri, Səbail rayon İcra Hakimiyyətinin və Səbail rayon Gənclər və İdman İdarəsinin nümayəndələri və çoxsaylı qonaqlar iştirak etdilər.
Tədbiri açıq elan edərək Şəhid ailə üzvlərini və qonaqları salamlayan Təhsil Kompleksinin direktoru Sara Xanlarova Azərbaycan xalqının Şanlı Qarabağ Zəfəri haqqında qürurla bəhs etdi. Vurğulandı ki, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük müqəddəs Vətən müharibəsində müstəqil Azərbaycanın hərb tarixinin ən şanlı Qələbə səhifələrini yazdı. Azərbaycan xalqının qəhrəman oğulları, Şəhidlərimiz, qazilərimiz bu müharibədə nəinki xalqımızın 30 illik Vətən torpağı həsrətinə son qoydular, eyni zamanda əsl qəhrəmanlıq, igidlik dastanına imza atdılar. S.Xanlarova qeyd etdi ki, Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi sülh, əmin-amanlıq şəraitində yaşayacaq və Vətən torpağı uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsini daima ehtiramla yad edəcək, bu əmanəti nəsildən-nəsilə ötürəcək, gələn hər yeni nəsil qəhrəman Şəhidlərimizin adlarını, Vətən qarşısındakı misilsiz xidmətlərini daima yaşadacaqdır.
Daha sonra Əsgər Marşı sədaları altında 132-134 nömrəli Təhsil Kompleksinin Hərbi-İdman komandası çıxış etdi.
Tədbir Hərbi-İdman oyunlarına aid üç estafet yarışı ilə davam etdi. Beşincilərimiz qəhrəman məzun Şəhidlərimizin adlarını daşıyan 3 komanda tərkibində estafet yarışlarında mübarizə apardılar. Şəhid Nicat Tarıverdiyevin adını daşıyan komanda estafet yarışlarının qalibi oldu.
Tədbirdə Şəhidlərimizə həsr olunan musiqi nömrələri səsləndirildi. “7 b” sinif şagirdi Musayeva Ayan və “10 c” sinif şagirdi Ağayev Nihad “Onları heç kim unutmaz”, “10 c” sinif şagirdi İsrafilov Əlyaqub “Mən Şəhid oldum, Ana!”, “8 c” sinif şagirdi Mürşüdzadə Ayan “Azərbaycan” mahnılarını ifa etdilər, Təhsil Kompleksinin məzunu, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Kərimov Murad isə skripkada “Ana” instrumental musiqisini səsləndirdi.
Tədbirdə Şəhid ailə üzvləri, Birinci və İkinci Qarabağ Müharibəsinin qaziləri və Kompleksin şagirdləri çıxış edərək, Şəhid məzunlarımızın xatirəsinin 132-134 nömrəli Təhsil Kompleksində hər zaman yüksək ehtiramla xatırlanması və bu cür Anım tədbirlərinin təşkili üçün öz minnətdarlıqlarını bildirdilər.
Təltifetmə mərasimində Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova və Səbail rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Həmid-Xan Tahirli həm bugünkü Estafet yarışlarının, həm Səbail rayonunda keçirilmiş Şahin Hərbi-İdman oyunlarının, həm də Şahmat yarışının qaliblərini diplomlarla təltif etdilər.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin! QARABAĞ AZƏRBAYCANDIR!