XƏBƏRLƏR

Oktyabrın 13-də Azərbaycanın görkəmli tarixçi alimi, tarix elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar elm xadimi, akademik Yaqub Mahmudov 132-134 nömrəli Təhsil Kompleksinin qonağı oldu və Kompleksin yuxarı sinif şagirdləri üçün “Qalib xalq adını özümüzə qaytaran Böyük Tarixi Qələbə!” mövzusunda geniş mühazirə ilə çıxış etdi.

44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti, mühüm hərbi-siyasi nəticələri, xalqımızın möhtəşəm qələbəsini şərtləndirən amillər, müasir müstəqil Azərbaycanın siyasi dirçəlişi, Azərbaycanın zəngin dövlətçilik tarixi, görkəmli tarixi şəxsiyyətləri, qəhrəman sərkərdələri, mərkəzləşdirilmiş böyük Azərbaycan dövləti olan Səfəvilər İmperiyası, Türk dövlətlərinin tarixi, əzəli Azərbaycan torpaqları olan Qarabağ və İrəvan xanlıqlarının tarixi, coğrafiyası, mədəni və dini abidələri haqqında məktəblilərə ətraflı məlumat verən akademik bildirdi ki, 44 günlük Vətən müharibəsində möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz, Azərbaycan xalqı dünya hərb tarixinin parlaq səhifəsini yazdı.

Akademik Yaqub Mahmudov mühazirəsində qeyd etdi ki, dünyanın böyük imperiyalar yaradan, yadelliləri dəfələrlə ağır məğlubiyyətlərə uğradan Azərbaycan xalqı 2020-ci ildə öz şərəfli tarixi adını – qalib xalq adını özünə qaytardı. Qarabağ zəfəri 1813-cü və 1828-ci il faciələrindən sonra Azərbaycan xalqının müharibə meydanında qazandığı ən böyük tarixi nailiyyətdir. 2020-ci ildə ilk dəfə olaraq xalqımızın sərkərdə oğlu İlham Əliyevin başçılıq etdiyi müzəffər Azərbaycan Ordusu tərəfindən erməni işğalçıları Azərbaycan torpaqlarından rüsvayçılıqla qovulub çıxarıldı. Müharibə nəticəsində sübut olundu ki, havadarları olmadıqda erməni faşizmi Azərbaycan xalqının, Azərbaycan Ordusunun qarşısında heç nədir!

Tarixçi alim diqqətə çatdırdı ki, 44 gün davam edən Vətən müharibəsi Azərbaycan üçün ağır sınaq idi. Bu ağır sınaq günlərində dost-düşmən çox aydın göründü. Dünya tarixinin və siyasətinin dahi bilicisi, Sovet İttifaqı kimi nəhəng dövlətin rəhbərlərindən biri kimi siyasət zirvəsinə ucalmış Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı Vətən müharibəsi zamanı cəbhədə, döyüş meydanlarında sınaqdan çıxdı. Biz bu müharibədə bir daha tarixi ibrət dərsi aldıq: Azərbaycan və Türkiyə daim birlikdə olmalıdır! Bunun alternativi yoxdur.

Mahmudov vurğuladı ki, biz yağı düşmən üzərində ona görə parlaq zəfər çala bildik ki, 44 günlük müharibədən əvvəl Prezident İlham Əliyevin başçılığı ilə informasiya müharibəsində düşmən üzərində qələbə çalmışdıq. İnformasiya müharibəsi bundan sonra da davam edəcək və kəskinləşəcək. Biz həmişə düşməni məğlub etməyə hazır və qadir olmalıyıq!

Vətən müharibəsində qələbəmizin ən mühüm tarixi əhəmiyyəti və nəticələrindən biri budur ki, Prezident İlham Əliyevin xüsusi səyləri nəticəsində Cənubi Qafqazın beynəlxalq münasibətlər tarixində dönüş baş verdi və yeni dövr başlandı. Tarixin gedişi dəyişdi. Tarix boyunca bütün Vətən müharibələrində xalq qalib gəlib. Bizim 44 günlük Vətən müharibəmizdə də xalqımız qalib gəldi, dəmir yumruq kimi birləşərək qalib gəldi. Xalq bu müharibədə öz Prezidentinə – Ordusunun sərkərdəsinə inandı, onun və Vətən torpaqları naminə çarpışan ordunun arxasında durdu. Azərbaycan xalqı müharibədən qalib xalq kimi çıxdı. Bu, Azərbaycanımızın gələcək tarixinə olduqca müsbət təsir göstərəcəkdir.

Akademik Yaqub Mahmudov zəngin tarixi ənənələri olan 132-134 nömrəli Təhsil Kompleksinin şagirdlərinə hər zaman xalqımızla, Vətənimizlə, Azərbaycanın dövlətçilik tarixi və dahi şəxsiyyətləri ilə qürur duymağı, tariximizi dərindən öyrənməyi, xarici dilləri yüksək səviyyədə öyrənərək Azərbaycan həqiqətələrini hər yerdə təbliğ etməyi, cəsarətli, sədaqətli və mərd olaraq Vətənimizə sahib çıxmağı tövsiyə etdi. Alim əminliyini ifadə etdi ki, qalib dövlətin gəncləri arasından gələcəkdə böyük alimlər, Nizamilər, Tusilər, Lütfi Zadələr, Cavad xanlar, Hüseynqulu xanlar, Ziyadoğulları nəslindən olan qalib sərkərdələr, Sabirlər, Bəxtiyar Vahabzadələr yetişəcək və bu vətənpərvər nəsil hər sahədə hər zaman zəkaları ilə qalib gələcəklər.

Tədbirdə 132-134 nömrəli Təhsil Kompleksinin təlim-tərbiyə işləri üzrə direktor müavini Şəfəq Şirinova, Kompleksin tarix müəllimələri Aygün Əfəndiyeva və Tünzalə Səmədova, məktəblilər çıxış edərək görkəmli tarixçi alim Yaqub Mahmudova bugünkü unudulmaz mühazirə üçün təşəkkür etdilər və gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində, şanlı Azərbaycan tarixinin müstəqillik dövründə düzgün yazılmasında və təbliğində Yaqub müəllimin əvəzsiz xidmətlərini və misilsiz töhfələrini vurğuladılar.

Akademik Yaqub Mahmudov 132-134 nömrəli Təhsil Kompleksinin kitabxanasına “Seçilmiş əsərləri” çoxcildliyini hədiyyə etdi.

AzərTAC
İkiSahil
Olaylar.az
Sherg.az
Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.