XƏBƏRLƏR

Yüksək ixtisaslı idmançıların tərbiyə olunması seçimdən, təlimdən, məşqlərdən, yarışlarda iştirakdan və bərpadan ibarət vahid prosesdir. Müasir idmanda buna sistemli yanaşma deyilir. İdmançıların hazırlanmasına pedaqoji iş kimi baxılmalıdır. Qarşıya qoyulan məqsədə nail olmaq üçün hər bir idman növünün vəzifələri düzgün anlaşılmalı – idmançı modelinin yaradılmasına səy göstərilməlidir.

Məktəblilərin psixoloji vəziyyətini öyrənmək, onun idarə olunması metodikasına yiyələnmək xüsusi əhəmiyyət kəsb edən məsələdir. Əvvəlcə səy göstərilməlidir ki, psixi vəziyyətlərin diaqnostik metodu düzgün müəyyənləşdirilsin. Sonra idmançıların yarışlara hazırlıq və yarış mərhələlərində fərdi xüsusiyyətlərinin dinamikası öyrənilməlidir. Daha sonra isə onların vəziyyətlərinin optimallaşdırılması metodu işlənib hazırlanmalıdır.

“İdman Həftəsi” çərçivəsində 132-134 nömrəli Təhsil Kompleksində Kompleksin psixoloqları tərəfindən “İdmançıların yarışa hazırlığının psixoloji yanaşması” mövzusunda yuxarı sinif şagirdləri ilə fərdi və qrup halında məsləhətlər keçirilir. Kompleksin psixoloqu Quliyeva Aytən şagirdlərlə mütəmadi olaraq söhbətlər, məsləhətlər təşkil edir, məktəblilərin yüksək ixtisaslı idmançılar kimi psixoloji hazırlığına diqqət yetirir.

Bu gün “9 c” sinifində mövzu ətrafında şagirdlərlə məsləhət saatı təşkil olundu. Şagirdlərlə söhbət zamanı qeyd olundu ki, yüksək ixtisaslı idmançıların hazırlanmasında üç mühüm amilin nəzərə alınması zəruridir. Bunlar aşağıdakılardır: müvafiq idman fəaliyyəti şəraitində psixoloji dözümlülüyün təmin olunması; psixi funksiyaların və mənəvi-əxlaqi keyfiyyətlərin təkmilləşdirilməsi, əsas məqsədə nail olmaq və rəqiblə qarşılaşmanın müsbət nəticəsi; fərdi mübarizə üslubunun təşəkkülü, təkmilləşdirilməsi və düzəlişləri. Vurğulandı ki, idmançının psixoloji hazırlığı haqqında belə fikirlər tez-tez səslənir: “Qələbənin səbəblərindən biri də psixoloji hazırlığın yüksək səviyyədə olması idi”, “Psixoloji hazırlıq zəif olduğundan uduzduq” və s.

Psixoloq A.Quliyeva məktəblilərlə “Psixoloji hazırlıq nədir?”, “Təlim-məşq gedişində aparılan psixoloji hazırlıqda motivləşdirmə prinsipi”, “İdmanda taktiki və texniki hazırlığın parametrləri” mövzularını müzakirə etdi və “9 c” sinif şagirdi, Cüdo idman növü ilə məşğul olan Əsədzadə Yusifin nümunəsində, idmanla məşğul olan şagirdlərə fərdi tövsiyələrini təqdim etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.