13 mart 2023-cü il tarixində uzun müddət 132 nömrəli məktəbin direktoru olmuş, gözəl təhsil işçisi, təhsilin inkişafı üçün xüsusi xidmətlər göstərən Azərbaycan Respublikasının Əməkdar müəllimi Aliyə Təhmasibin doğum günü münasibətilə 132-134 nömrəli Təhsil Kompleksində “Yaddaşlarda yaşayan təhsil fədaisi” adlı xatirə tədbiri keçirildi. Tədbirdə Aliyə Təhmasibin ailə üzvləri, 132-134 nömrəli Təhsil Kompleksinin qəhrəman Şəhid məzunlarının ailə üzvləri, Aliyə xanımla birlikdə çalışmış təhsil ictimaiyyəti nümayəndələri, 132 nömrəli məktəbin müxtəlif dövr məzunları, Aliyə xanımın yetirmələri və Təhsil Kompleksinin müəllim kollektivi iştirak etdilər.
Xatirə gecəsində iştirak edən 132 nömrəli məktəbin məşhur məzunları Xalq artisti, tarzən, professor Zamiq Əliyev, tanınmış jurnalist Etibar Babayev, uzun müddət bu məktəbdə Aliyə xanımla birlikdə çalışmış müəllimlər, Birinci Qarabağ müharibəsinin qazisi, 1988-ci il 132 nömrəli məktəbin məzunu Babək Qocayev, 1970-ci illər, 1980-ci illər, 1990-cı illər və 2000-ci illərdə məktəbin məzunları, Təhsil Kompleksinin direktoru Əməkdar müəllim Sara Xanlarova və Aliyə xanımın ailə üzvləri adından bacısı oğlu Elçin Quliyev-Qafqazlı çıxışlar etdilər və Aliyə xanımla bağlı xatirələrini bölüşdülər. Çıxışlarda qeyd olundu ki, minlərlə şagirdi və yetirməsi olan, yüksək insani keyfiyyətlərə malik, ziyalılığı, alicənablığı, ətrafındakı insanlara xoş münasibəti, mərhəməti, savadı ilə hər zaman seçilən, gözəl ana, təkrarsız pedaqoq Aliyə Təhmasib həyatı boyu təhsilin inkişafı üçün çalışmış, respublikanın ictimai-siyasi həyatında yaxından iştirak etmiş, Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdünə layiq görülmüş, yüksək dövlət mükafatları ilə yanaşı, bir sıra diplom və fəxri fərmanlarla təltif olunmuş, Azərbaycan və SSRİ Ali Sovetinin deputatı kimi respublikanın ictimai həyatında mühüm rol oynamış və uzun müddət Səbail rayonu Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının fəal üzvü olmuşdur. Aliyə xanımın təhsil sahəsindəki xidmətləri və əsl Azərbaycan xanımına xas nümunəvi həyat və elm yolu hər zaman gənc, gələcək nəsillər üçün örnək olacaqdır. Allah rəhmət eləsin!