Azərbaycanda səfərdə olan Surinam Respublikasının təhsil, elm və mədəniyyət naziri Henri Ori və rəhbərlik etdiyi nümayəndə heyəti 132-134 nömrəli Təhsil Kompleksində oldular və burada yaradılan modern tədris şəraiti və liseyin maddi-texniki bazası ilə tanış oldular.
Qonaqlar ilk öncə Təhsil Kompleksinin “Heydər Əliyev” muzeyində görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotomateriallar və kitablarla tanış oldular. Daha sonra qonaqlar Təhsil Kompleksinin Tarix Muzeyində zəngin ənənələrə malik olan bu məktəbin tarixi, unudulmaz məzunları, Təhsil Kompleksinin tarixi inkişaf yolu haqqında geniş məlumatlar əldə etdilər.
Məktəbdəki tədris mühiti ilə tanış olan və dərs zamanı şagirdlər və müəllimlərlə görüşən qonaqlara Təhsil Kompleksində 2017-ci ildən uğurla fəaliyyət göstərən IB (International Baccalaureate/ Beynəlxalq Bakalavriat) Proqramı haqqında məlumat verildi. Qonaqlar Təhsil Kompleksində yaradılan şərait və tədris mühitini, IB proqramının icrasını və məktəb məzunlarının uğurlarını yüksək qiymətləndirdilər. IB şagirdləri, xüsusilə IB DP şagirdi Leyla ilə söhbətdən məmnun qalan qonaqlar məktəblilərin intellektual hazırlığını xüsusi vurğuladılar.
Qonaqlar üçün Təhsil Kompleksinin Akt Zalında təşkil olunan təqdimat zamanı direktor Sara Xanlarova 132-134 nömrəli Təhsil Kompleksinin fəaliyyəti, məktəbin strateji və optimal idarəetmə təcrübəsi, icra olunan beynəlxalq layihələr, burada əldə olunan yüksək nailiyyətlər və məktəbin şagirdlərinin, məzunlarının uğurlu nəticələri haqqında qonaqlara ətraflı məlumat verdi. Vurğulandı ki, ölkə başçısı Prezident İlham Əliyevin milli təhsilimizin inkişafına xüsusi diqqəti nəticəsində icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Nəticədə, ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından formalaşdırılması və ümummilli inkişaf prosesinin davamlılığı təmin olunur.
Qarşılıqlı fikir mübadiləsi aparılan görüşdə qonaqları maraqlandıran suallar ətraflı cavablandırıldı və yeni əməkdaşlıq imkanları müzakirə olundu.