Oktyabrın 31-də 132-134 nömrəli Təhsil Kompleksində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) MBA proqramı üzrə “Biznesin təşkili və idarə edilməsi (təhsilin təşkili və idarə edilməsi)” ixtisaslaşmasının magistrantları üçün “132-134 nömrəli Təhsil Kompleksinin strateji və optimal idarəetmə təcrübəsinin öyrənilməsi” mövzusunda master-klass (dərs-görüş) keçirildi.
“Təhsildə strateji idarəetmə” fənni çərçivəsində auditoriyadan kənar dərs formatında təşkil olunan görüşdə ADPU-nun Davamlı təhsil və innovasiyalar bölməsinin baş mütəxəssisi Dilguşə Süleymanova, Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova, direktor müavinləri və magistrantlar iştirak etdilər.
Təhsil Kompleksinin Akt Zalında təşkil edilən master-klassda direktor Sara Xanlarova 132-134 nömrəli Təhsil Kompleksinin fəaliyyəti, maddi-texniki bazası, məktəbin strateji və optimal idarəetmə təcrübəsi, icra olunan beynəlxalq layihələr, burada əldə olunan yüksək nailiyyətlər və məktəbin şagirdlərinin, məzunlarının uğurlu nəticələri haqqında magistrantlara ətraflı məlumat verdi.
Magistrantlar məktəbin rəhbər işçilərinə mövzu ilə bağlı çoxsaylı suallar ünvanladılar. Qarşılıqlı fikir mübadiləsi aparılan dərs-görüşdə magistrantları maraqlandıran suallar ətraflı cavablandırıldı. Görüşdə gələcəkdə müsbət təcrübənin öyrənilməsi məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universiteti və 132-134 nömrəli Təhsil Kompleksi arasında yeni əməkdaşlıq imkanları müzakirə olundu.