132-134 nömrəli Təhsil Kompleksində görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-ci ildönümü münasibətilə tədbir keçirildi.
Tədbirdə çıxış edən Kompleksin direktoru Sara Xanlarova qeyd etdi ki, elmi fəaliyyəti, ən əsası isə insanlara olan sevgisi, xeyirxahlığı ilə Azərbaycan xalqı tərəfindən hər zaman böyük məhəbbət və ehtiramla xatırlanan Zərifə xanım özündə əsl Azərbaycan xanımına xas olan nəcib və ali insani keyfiyyətləri, yüksək əxlaqı, mənəviyyatı, saflığı təcəssüm etdirirdi. Görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi. Vicdanı, əməli pak olan Zərifə xanım oftalmologiya elminin inkişafına böyük töhfələr vermiş və oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadın həkim olmuşdur.
Zərifə xanım Əliyeva, eyni zamanda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur. İnsanların gözlərinə şəfa vermək kimi müqəddəs və şərəfli peşəyə sahib olan Zərifə xanım Əliyevaya eyni zamanda həm Prezident xanımı olmaq, həm də Prezident anası olmaq kimi nadir insanlara nəsib olan tale qismət olmuşdur. S.Xanlarova vurğuladı ki, Zərifə xanım sadəliyi və səmimiliyi ilə gözəllik yaradırdı. Məhz bu isti, vətənpərvər ocaqda böyüyüb, boya-başa çatan, Zərifə xanımın ailə tərbiyəsinin, görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin siyasi məktəbinin layiqli varisi, nəinki Azərbaycan, bütün dünya üçün fenomenal şəxsiyyət olan möhtərəm Prezidentimiz İlham Əliyev müstəqil Azərbaycanın ən şanlı qələbələrinə imza atır. Ölkə başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev 30 illik ağrılı münaqişəni siyasi iradəsi və idarəçilik məharəti ilə 44 gündə həll etdi və möhtəşəm Qarabağ Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə həkk olundu. Vurğulandı ki, ümumtəhsil məktəblərində Azərbaycanın görkəmli şəxsiyyətlərinə həsr olunan tədbirlərin, xatirə günlərinin təşkili gənc və gələcək nəslin tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. Zərifə xanım Əliyevanın nümunəvi həyat yolu, ali insani keyfiyyətləri, xeyirxahlığı və insan sevgisi kiçikdən-böyüyə hər kəs üçün böyük örnəkdir və gözəl insan Zərifə xanımın işıqlı xatirəsi daima Azərbaycan xalqı tərəfindən ehtiramla yad olunacaqdır. Direktor xüsusi qeyd etdi ki, qədim tarixə və zəngin təhsil ənənələrinə malik olan 132-134 nömrəli Təhsil Kompleksində təhsil alan, bu təhsil ocağından məzun olan hər bir şagird öz gələcəyini doğma Azərbaycanımızın inkişafında, çiçəklənməsində görür. Şagirdlərimiz görkəmli alim, gözəl insan, nümunəvi ana və həyat yoldaşı olan Zərifə xanım Əliyeva kimi görkəmli Azərbaycan şəxsiyyətlərinin həyat və elm yolunu öyrənir, onlardan nümunə götürür. S.Xanlarova məktəblilərə milli-mənəvi dəyərlərimizə hər zaman sadiq qalmağı, azərbaycançılığımızla fəxr etməyi və dünyanın harasında olurlarsa olsunlar Vətənimizi ləyaqətlə təmsil etməyi arzu etdi.
Tədbirdə görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş olundu. Kompleksin şagirdlərinin ifasında oftalmologiya elminə verdiyi töhfələri bu gün də aktuallığını qoruyan, biliyi ilə yanaşı, insanpərvərliyi ilə də seçilən Zərifə xanımın həyat və elm yoluna həsr olunan ədəbi-bədii kompozisiya səsləndirildi, səhnəciklər təqdim olundu.