Bugünlərdə, “Dəmir yumruq” əməliyyatında – Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradının keçirildiyi 2020-ci il 10 dekabr tarixinin növbəti ildönümüdür. Təqvimdəki tarixlər dəyişir, günlər, illər keçir, lakin 2020-ci ildə Azərbaycanın müasir tarixinə həkk olunmuş şərəfli hadisələr, günlər haqqında xatirələr hər bir azərbaycanlı üçün canlılığını, həyəcanını hələ də qoruyub saxlayır.
2020-ci ildə sentyabrın 27-dən etibarən 8 noyabr – Zəfər Gününə qədər yaşadığımız 44 günün hər günü bizim şanlı tariximizdir. O günlərdə hər birimiz elə tarixi günlərə şahidlik etdik, xalq olaraq o qədər qürurlandıq, fəxr etdik ki, hələ də hər birimiz o təəssüratların təsirindəyik. 200 il ərzində Azərbaycan xalqı üçün hələ belə fəxarət dolu hadisələr olmamışdı. Azərbaycan döyüş meydanında, eyni zamanda diplomatik müstəvidə 44 gün kimi qısa müddətdə həm tarixi ədaləti bərpa etdi, həm beynəlxalq hüquq çərçivəsində haqq səsini bütün dünyaya eşitdirdi, həm də əzəli düşmənindən, Xocalı qətliamını törədənlərdən, xalqımıza illərlə böyük faciələr yaşadanlardan millət olaraq qisasını aldı.
Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq 2020-ci il 10 dekabr tarixində Azadlıq meydanında keçirilən və Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradı Azərbaycanın müasir hərb tarixinin ən şanlı səhifələrindən biri oldu. Bu tarixi gün və tarixi parad bir çox cəhətdən Azərbaycan xalqı üçün olduqca əlamətdardır. Bu parad, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev “Sözümüz imzamızdır” prinsipinin bir daha sübutu oldu. Ötən illərdə paradların birində ölkə başçısı çıxışında qeyd etmişdi ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdi ki, gün gələcək və o gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və o gün 10 dekabr 2020-ci il tarixində gəldi. Bu gün Azərbaycan xalqının Tarixi Zəfərinin təzahür günüdür. Bizlər xoşbəxt nəsilik ki, bu möhtəşəm tarixi günlərə, Zəfər paradına şahidlik etdik.
Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.
10 dekabr 2020-ci il tarixli Zəfər Paradı Azərbaycanın müstəqil siyasətinin, tarixi Zəfərinin, hərbi qüdrətinin və milli ruhunun, Azərbaycan xalqının, Azərbaycan gənclərinin mübarizliyinin, döyüşkən ruhunun, qələbə əzminin bütün dünyaya nümayişi oldu. Bu hər bir azərbaycanlı üçün böyük fəxarət mənbəyi və milli qürur təcəssümüdür. Bu tarixi günləri, bu milli özünüdərki bizə yaşadan Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə, müzəffər ordumuza, hər biri tarixi yazan qəhrəman Şəhidlərimizə və qazilərimizə, qəhrəman Azərbaycan əsgərlərinin ailələrinə, onları boya-başa çatdıran fədakar valideynlərinə sonsuz təşəkkürümüzü bildiririk.
Cavadova Dilşad
132-134 nömrəli Təhsil Kompleksinin Biologiya müəllimi