XƏBƏRLƏR
şərh yoxdu

“Dəmir yumruq” əməliyyatında – Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradı bütün dünya azərbaycanlıları üçün qürur tarixidir.

Bu parad Azərbaycanın 44 gün ərzində parlaq qələbəsinin təntənəsidir. Azərbaycan 2020-ci ildə tarixi qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və Azərbaycan xalqı buna nail olduq.

Hərb tarixində Azərbaycanın bu qələbəsi nadir hadisələrdəndir. Bəşər tarixi boyunca bu qədər qısa müddətdə qarşıya qoyulan məqsədlərə nail olunması, ordunun itkilərə baxmayaraq bir gün belə geri çəkilməməsi, hər gün irəli gedib, hər gün düşmənin başını əzib, yeni-yeni kəndlər azad etməsi nadir, bəlkə də olmayan bir hadisədir. Düşmənlər belə Azərbaycan əsgərinin döyüş əzmini, qələbə ruhunu etiraf edirlər. Azərbaycan əsgəri bu döyüş günlərini o qədər uzun müddət gözləmişdi ki, o döyüş meydanında elə güclü amal, elə güclü ruhla döyüşürdü ki, düşmən belə başa düşürdü ki, bu gücün qarşısında dayanmaq mümkünsüzdür. Heç bir yaralı əsgərini döyüş meydanında qoymayan, şəhidlərini çiynində daşıyan, bir ölüb min dirilən Azərbaycan Ordusu, Azərbaycan gəncləri milli qürurumuz oldu.

Bu gənclər Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev cənabları dövründə böyüyən, yetişən gənc nəsildir. Bu nəsilin formalaşmasında Azərbaycan ailələrinin, Azərbaycan təhsilinin, Azərbaycan müəlliminin böyük rolu, əvəzsiz xidməti olub. Bəzən gənclər haqqında şikayətlənən yaşlı nəsil Azərbaycan gənclərinin vətənpərvərliyini, mövzu Vətən olunca bir yumruq kimi birləşəərək dünyaya meydan oxumasını gördü, alqışladı və Azərbaycan xalqı bu gəncləri yetişdirən ailələrə, valideynlərə minnətdarlığını bu millət, bu dövlət var olduqca bildirəcək. Qədirbilən Azərbaycan xalqı tarixi 2020-ci ilin şərəfli günlərini hər zaman yaşadacaq və bu torpağı qanı ilə Vətən edən qəhrəman Şəhidlərini ehtiramla yad edəcəkdir. Vətən sağ olsun!

Abdullayeva Dölət
132-134 nömrəli Təhsil Kompleksinin Riyaziyyat müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.