Dekabrın 22-də 132-134 nömrəli Təhsil Kompleksində Azərbaycanın yeni əsrdə yeni lideri olan möhtərəm cənab İlham Əliyevin birinci müddətə Prezident seçilməsinin 20 illiyinin tamam olması münasibətilə ölkə başçısının Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətlərinə həsr olunan “Azərbaycanın inkişafı son 20 ildə” mövzusunda məktəblilərin elmi-praktik konfransı keçirildi.
Konfransda Təhsil Kompleksinin yuxarı sinif şagirdləri Prezident İlham Əliyevin rəhbər obrazını şərtləndirən əsas xüsusiyyətlər, 44 günlük Vətən müharibəsində öz xalqını bir yumruq kimi birləşdirən, Ordusunu qələbədən-qələbəyə aparan, Zəfərdən sonra adını Müzəffər Ali Baş Komandan kimi Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazdıran Prezident İlham Əliyevin komandanlığı ilə Vətən müharibəsindəki Qələbə, 2003-2023-cü illərdə ölkəmizin bütün sosial-iqtisadi sahələrində, o cümlədən elm və təhsilin inkişafında əldə olunmuş nailiyyətlər, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, ölkəmizin dünyaya inteqrasiyası istiqamətində həyata keçirilmiş mühüm tədbirlər haqqında Azərbaycan və Rus dillərində çıxışlar etdilər, mövzular üzrə məktəbli olaraq fikirlərini bildirdilər.
Konfransda 132-134 nömrəli Təhsil Kompleksinin “11 c” sinif şagirdləri Əliyeva Cənnət, Məlikov İlkin və Maksudova Tahirə, “10 a” sinif şagirdləri Mahmudova Fidan və Rzayeva Fatimə , “9 c” sinif şagirdləri Camalova Aişə və Cəlalova Safinaz, “9 b” sinif şagirdi Seyidəli Esra və “8 a” sinif şagirdi Məmmədli Məryəm çıxış etdilər.
Çıxışlarda qeyd olundu ki, 2003-2023-cü illər ölkəmizin tarixinə yüksəliş dövrü kimi daxil olub. Müstəqilliyini günbəgün, ilbəil möhkəmləndirən Azərbaycan dövlətinin tarixində Prezident İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı getdikcə artır. Əsrə bərabər 20 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi yazıldı. Dövlətimizin başçısı Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışdı, nəhayət üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail oldu. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi.
Konfransda çıxış edən 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova vurğuladı ki, müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirib genişləndirdiyi siyasət nəticəsində ölkəmiz misilsiz inkişaf yolu keçib, Azərbaycan xalqının həyatında silsilə qələbələr, misli görünməmiş yüksəliş və tərəqqi müşahidə olunub. Vətən müharibəsində əldə edilən böyük qələbə, antiterror tədbirlərindən sonra suverenliyimizin tam bərpası Ulu Öndər Heydər Əliyev yolunun və İlham Əliyev siyasətinin təntənəsi oldu. Direktor bugünkü konfransda çıxış edən məktəbliləri böyük fərəhlə izlədiyini qeyd etdi və diqqətə çatdırdı ki, biz bu gün bir daha əmin olduq ki, Azərbaycan gəncləri, yeniyetmələri Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyalarının, möhtərəm Prezidentimiz İlham Əliyevin böyük uğurla həyata keçirdiyi və Azərbaycan xalqının mənafeyinə xidmət edən siyasi yolun davamçılarıdır. S.Xanlarova qalib dövlətdə qalib vətəndaşlar kimi böyüyən məktəblilərə dünyanın istənilən ölkəsində yaşasalar, təhsil alsalar da hər zaman azərbaycanlı olmaqları ilə fəxr etməyi, hansı fəaliyyət sahəsində işləməklərindən asılı olmayaraq Azərbaycanın inkişafı, yüksəlişi naminə çalışmağı tövsiyə etdi.
Kofransda Təhsil Kompleksinin Tarix müəllimləri Səmədova Tünzalə və Səfərəliyeva Sevinc çıxış etdilər. Çıxışlarda müasir Azərbaycanın intensiv tərəqqisini təmin edən amillər, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan, milli inkişafı şərtləndirən çoxşaxəli siyasətinin müxtəlif aspektləri, dövlət başçısının xarizmatik liderlik və yüksək idarəçilik məharəti, Azərbaycanın dünya miqyasında güclü, müsbət imici xüsusi vurğulandı.
Konfransda qalib xalqın qalib Prezidenti, Müzəffər ordunun Ali Baş Komandanı, dünya azərbaycanlılarının Lideri İlham Əliyevin Azərbaycanda dövlət quruculuğuna və xalqımızın müstəqilliyinə həsr olunan həyat və fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş olundu.
Konfransda bütün çıxışlarda əminlik ifadə olundu ki, Azərbaycanın yeni əsrdə yeni lideri olan möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan qarşısında daha geniş üfüqlər açılmışdır. Son 20 ildə olduğu kimi, bundan sonra da uzun illər xalqımız Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşərək böyük uğurlara imza atacaq.