XƏBƏRLƏR
şərh yoxdu

Müasir müstəqil Azərbaycan bu gün bütün dünya azərbaycanlılarının, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir. Biz hər zaman dövlətimizlə, tariximizlə, xalqımızla fəxr etmişik, lakin etiraf etməliyik ki, 2020-ci il Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək müasir Azərbaycanın yenidən dünyaya günəş kimi doğduğu, xalq olaraq milli kimliyimizin, qürurumuzun bir daha fərqinə vardığımız tarix oldu. Hər birimiz hələ də 2020-ci ildə xalqımızın, ordumuzun möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi Zəfərəinin təəssüratı altındayıq. Gözümüzün önündə yazılan, hər bizimizin şahidi olduğumuz o tarixi günlərə dönüb baxdıqca, hər birimiz bir daha Prezidentimizlə, dövlətimizlə, ordumuzla, vətənpərvər Azərbaycan gəncləri ilə, mərd, fədəkar xalqımız və qəhrəman əsgər-zabitlərimiz, şəhidlərimiz, qazilərimizlə fəx edirik.

Sevindirici haldır ki, Azərbaycan 2020-ci ildən ötən 3 il ərzində günbəgün, aybaay inkişaf etmiş, 8 Noyabr – Böyük Qələbə günümüzdən sonra da yeni-yeni qələbələrə imza atmışdır. 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Ancaq o hadisələrin arasında dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır.

2023-cü ilin aprel ayında isə biz ərazi bütövlüyümüzü tam bərpa etmişdik. Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsi qurulmuş və o gündən bəri Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilmişdir. Bu nailiyyət ölkə başçısı, Prezident İlham Əliyevin növbəti diplomatik uğuru, düşünülmüş və uzaqgörən siyasətinin nəticəsi idi.

2020-ci ildə biz Bayrağımızı Şuşada və azad edilmiş digər ərazilərimizdə qaldırdıq, lakin Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi. Üç il ərzində biz bunu sülh yolu ilə həll etmək istəyirdik. Lakin, Ermənistan rəhbərliyi görünür İkinci Qarabağ müharibəsinin nəticələrindən dərs çıxartmamış və hələ də hansısa üzdəniraq, özlərinə belə xeyri olmayan qüvvələrə bel bağlayırdı. 2023-cü il ərzində qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu dəfələrlə Azərbaycana qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi. Bu qüvvələr Ermənistan rəhbərliyi tərəfindən Qarabağdan çıxarılmadı. Əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi və bizə qarşı mina terroru davam etdirildi. Dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq olunsa da, yenə Azərbaycanın sözünə diqqət yetirilmədi. Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələndi. Beləliklə, Azərbaycanda separatizmin kökü kəsildi və 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edildi, düşmən ordusu məhv edildi.

Bu hərbi əməliyyatları biz “44 gün + 1 gün” adlandıra bilərik. Azərbaycanın öz dövlət suverenliyini tam bərpa etməsinə cəmi 1 gün kifayət etdi. Bu nəyin göstəricisidir? Bu qələbə Azərbaycanın ordusunun, iqtisadiyyatının gücünün nəticəsidir. Bu qüdrəti ölkəmizə qazandıran isə möhtərəm Prezidentimiz, xalqımızın Lideri İlham Əliyevdir.

Xalqımız öz tarixinin ən güclü dövrünü yaşayır. Biz xoşbəxt nəsilik ki, bugünlərə şahidik və əminik ki, bundan sonra Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları hər zaman başını dik tutacaq və böyük ruh yüksəkliyi ilə, alnıaçıq, üzüağ bütün azad olunmuş torpaqlarımızda yaşayacaqlar. Gözün aydın olsun, Vətən!

Səfərova Könül
132-134 nömrəli Təhsil Kompleksinin direktor müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.