XƏBƏRLƏR

7 fevral 2024-cü il tarixində Azərbaycanda növbəti Prezident seçkiləri keçirildi. Zəfər seçkisi adlandırılan bu seçkinin ən fərqləndirici və əlamətdar xüsusiyyəti müstəqillik dövründə ilk dəfə olaraq bütün Azərbaycan ərazisində keçirilməsi oldu. Cənab Prezidentin Xankəndidə səs verməsi Azərbaycanın müasir tarxinin yaddaşlara həkk olunan növbəti tarixi hadisəsi oldu. 14 fevral tarixində isə cənab Prezident andiçmə mərasimində möhtəşəm nitqində hər birimizin böyük fəxr hissi ilə dinlədiyi bir çox məqamı vurğuladı. Bəli, Azərbaycan artıq yeni dövrə, yeni inkişaf mərhələsinə qədəm qoyur. Ərazi bütövlüyü bərpa olunmuş Azərbaycan üçün bu gün prioritet məsələ 30 il əzəli düşmənimiz tərəfindən dağıdılmış, silinməsinə cəhd olunmuş Azərbaycan xalqının milli, tarixi, dini mirasının bərpası, azad olunmuş ərazilərdə yenidən qurma, bərpa işlərinin həyata keçirilməsidir. Azərbaycan xalqı bu Böyük Qələbəni 30 il gözləyirdi və nəhayət xalqımızın əzəli torpaqlarına Böyük Qayıdışı başladı. İşğaldan azad olunmuş əraziləri ziyarət etdikdə hamımız bu ərazilərdə aparılan möhtəşəm bərpa və yenidən qurma layihlərinə şahid oluruq. Qarabağ dünyada hər zaman tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri ilə fərqlənirdi, hazırda isə eyni zamanda müasirliyi, ağıllı şəhər və kəndləri ilə diqqəti cəlb edir.

Azərbaycanın öz torpaqlarına sahib çıxması, 30 il müddətində xarabalığa çevrilən ərazilərin qısa müddətdə dirçəldilməsi bir daha bütün dünyaya sübut etdi ki, bu torpaqların gerçək sahibi Azərbaycan xalqıdır və xalqımız tarixən bu ərazilərdə yaşayıb, yaradıb və bundan sonra da bu torpaqların çiçəklənməsi üçün quruculuq işlərinə davam edəcək.

Səfərova Könül
132-134 nömrəli Təhsil Kompleksinin direktor müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.