XƏBƏRLƏR

Bu gün, 132-134 nömrəli Təhsil Kompleksində Xocalı soyqırımının otuz ikinci ildönümü ilə əlaqədar “Xocalı hadisəsi erməni vandalizminin nəticəsidir” mövzusunda “dəyirmi masa” keçirilib.

Yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən “dəyirmi masa”da əvvəlcə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. “Dəyirmi masa”da çıxış edən Kompleksin təlim-tərbiyə işləri üzrə direktor müavini Şirinova Şəfəq və Kompleksin Azərbaycan dili və ədəbiyyatı müəllimi Şəfiyev Nəsrəddin məktəblilərə hər bir azərbaycanlı üçün ağrılı bir hadisə olan Xocalı qətliamı, Xocalı qətliamının faktlara əsaslanan gerçəkliyi, törədilən insan tələfatı və vandalizmin məhz Azərbaycan dövlətçiliyinə qarşı çevrilməsi haqqında məlumat veriblər, həmçinin tarix boyu ermənilərin Azərbaycan xalqına qarşı düşmənçilik mövqeyi tutmasından, ayrı-ayrı dövrlərdə xalqımızın müstəqilliyə doğru inamlı addımlarla irəliləməsindən narahat olaraq beynəlxalq hüquq normalarına zidd olan müxtəlif təxribat və qırğınlar törətməsindən bəhs ediblər. Vurğulanıb ki, Heydər Əliyev Fondunun “Xocalıya ədalət” kampaniyasının uğurlu fəaliyyəti nəticəsində artıq bir sıra dünya dövlətləri Xocalıda törədilən qırğını soyqırımı kimi qəbul edib.

“Dəyirmi masa” çərçivəsində mövzu ilə bağlı ətraflı müzakirələr aparılıb, məktəblilərin fikirləri dinlənilib. Xüsusi qeyd olunub ki, 44 günlük Vətən müharibəsi Xocalı şəhidlərinin, Birinci Qarabağ müharibəsi şəhidlərinin, xalqımızın günahsız qurbanlarının intiqamının əzəli düşmənimizdən artıqlaması ilə alındığı qəhrəmanlıq dastanı oldu. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə və Azərbaycanın tarixi qəhrəmanı İlham Əliyev 30 illik məsafəni igid əsgər və zabitlərimiz, güclü Ordumuzla 44 gün ərzində qət etdi və tarixi ədalət zəfər çaldı, Azərbaycan xalqının günahsız qurbanlarının qisası döyüş meydanında alındı.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Xocalı soyqırımında həlak olan soydaşlarımızı ehtiramla yad edirik. Xocalıya ədalət!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.