XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksinin qəhrəman məzun Şəhidi Fərid Əliyevin evi ziyarət olundu

Azərbaycan bölməsi “5 a” sinif şagirdləri 132-134 nömrəli Təhsil Kompleksinin qəhrəman məzun Şəhidi Fərid Əliyevin evini ziyarət etdilər və 44 günlük Vətən müharibəsinin qəhrəmanı, Şuşa döyüşlərinin Qələbə Şəhidi Fəridin ailə üzvləri, valideynləri, həyat yoldaşı və Vətənə əmanət övladları ilə görüşdülər. Görüş zamanı unudulmaz məzunumuz haqqında xatirələr dinlənildi, qəhrəman Azərbaycan zabitinin həyat və döyüş yolunun gənc və gələcək nəsillər üçün böyük nümunə olduğu vurğulandı.

Ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş hər bir qəhrəmanın əziz xatirəsi xalqımızın qəlbində daim yaşayır. Ruhunuz şad olsun, igid Vətən oğulları!

Sinif rəhbəri: Kompleksin Riyaziyyat müəllimi Quliyeva Məlahət 

XƏBƏRLƏR

Məktəb psixoloqu həm ibtidai, həm yuxarı siniflərdə dərs prosesini müşahidə etdi və müxtəlif yaş qrupunda olan məktəblilərlə diaqnostik sorğular təşkil etdi

şərh yoxdu

Məktəb psixoloji xidmətində əsas fəaliyyət istiqamətlərindən biri şagirdlərin təlim prosesində iştirakı, qrup daxilində davranışları və qrup dinamikasının izlənilməsi məqsədilə siniflərdə psixodiaqnostik işin aparılması və müxtəlif mövzularda sorğuların keçirilməsidir.

132-134 nömrəli Təhsil Kompleksinin psixoloqu Quliyeva Aytən bu gün həm ibtidai, həm yuxarı siniflərdə dərs prosesini müşahidə etdi və müxtəlif yaş qrupunda olan məktəblilərlə diaqnostik sorğular təşkil etdi.

Hər yaş dövrünün xüsusiyyətləri nəzərə alınaraq keçirilən sorğuda məktəblilər “Mənim üçün ideal insan kimdir?” sualını cavablandırdılar. Psixoloq A.Quliyeva “Mənim üçün ideal insan qardaşımdır” deyərək bu tezisi yuxarı sinif şagirdləri ilə müzakirə etdi.

XƏBƏRLƏR

Azərbaycanlılar tarixi torpaqlarına qayıdır

şərh yoxdu

Yeni 2024-cü ilə qədəm qoyduğumuz bugünlərdə ən yaxın tariximizdə yaşadığımız hadisələrə dönüb baxdıqda qürurlanmamaq mümkün deyil. Vətənimiz Azərbaycanın 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra son 3 ildə hər il qazandığı yeni nailiyyətlər, 30 illik işğaldan azad olunan torpaqlarımızda aparılan sürətli bərpa-yenidən işləri, qaçqın və köçkünlərin doğma yurdlarına qayıdışının başlanması hər bir azərbaycanlı üçün böyük tarixi hadisələrdir.

Vətən müharibəsi 44 gün davam etdi, lakin müstəqil Azərbaycan əvvəl Ulu Öndər Heydər Əliyevin, 2004-cü ildən başlayaraq isə ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə bu Böyük Qələbə Gününə uzun illər hazırlaşırdı. Həm Ulu Öndər, həm Prezident İlham Əliyev hər çıxışlarında hamımızın arzusunda olduğu Böyük Qələbənin mütləq gələcəyini, işğal altında olan dədə-baba torpaqlarımızın bir gün mütləq azad olunacağını əminliklə qeyd edirdilər. Xoşbəxt xalqıq ki, biz bugünləri gördük və Azərbaycanın haqq səsi bütün dünyaya səs saldı.

Uzun illər, Azərbaycan, xalqımıza qarşı törədilən qanlı cinayətlərə, edilən haqsızlıqlara baxmayaraq bu ağrılı münaqişəni diplomatik sülh yolu ilə həll etmək üçün konstruktiv mövqe nümayiş etdirdi, bu məsələyə maksimum humanist prinsiplərlə yanaşdı. Lakin tarix göstərdi ki, cinayətkar cəzalanmadıqca daha da azğınlaşır və zalimə mərhəmət məzluma zülmdür. Ermənistan xarici havadarlarına arxalanaraq Qarabağdakı status-kvonun uzun illər davam edəcəyini düşünür və ildən-ilə həyasızlaşırdı. 30 illik işğal dövründə Azərbaycana qarşı saysız-hesabsız və əsassız ittihamlar irəli sürülmüşdü. Heç bir ittiham, heç bir təzyiq dövlətimizin, dövlət başçımızın iradəsinə təsir edə bilmədi. Azərbaycan döyüş meydanında əsrlərin intiqamını aldı və ədaləti bərpa etdi.

Böyük qələbədən sonra Prezident İlham Əliyev dəfələrlə ən yüksək beynəlxalq tribunalarda qeyd etdi ki, “biz haqq yolundayıq, öz sərhədimizi özümüz nəzarətə götürmüşük və heç kimə imkan vermərik ki, bizim torpağımızda at oynatsın. Bu, bizim torpağımızdır, bu torpağın sahibi bizik, nə lazım biliriksə, onu da edəcəyik, beynəlxalq hüquq çərçivəsində, o cümlədən beynəlxalq humanitar hüquq çərçivəsində.” Bu gün əminliklə qeyd edə bilərik ki, hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan hər bir azərbaycanlı dövləti ilə, Prezidenti ilə, ordusu ilə haqlı olaraq qürur duyur.

Son 3 ildir ki, Qarabağ və Şərqi Zəngəzur böyük tikinti meydançasına çevrilib. Biz şəhərlərimizi, kəndlərimizi yenidən qururuq və artıq 2023-cü ildə 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıtmışdır. 2023-ün mart ayında – Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı, köçkünlər öz doğma evlərinə qayıtmışdılar. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi bayram içində idi. Bu il Laçın şəhərinə Müstəqillik Gününü qeyd edərkən köçkünlər qayıtmışdır – 28 May tarixində Laçında böyük bayram günü idi.

Bütün bu hadisələr hər birimizin qəlbində yüksək fərəh hissi yaradır. Bizim öhdəmizə düşən əsas vəzifələr isə, hər birimizin çalışdığımız sahədə işimizi məsuliyyət və yüksək vətəndaşlıq borcu ilə yerinə yetirməkdən, ölkəmizin inkişafına, həyata keçirilən bu möhtəşəm işlərə bacardığımız qədər töhfəmizi verməkdən ibarətdir.

Əfəndiyeva Aygün
132-134 nömrəli Təhsil Kompleksinin Tarix müəllimi

XƏBƏRLƏR

Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi

şərh yoxdu

Müasir müstəqil Azərbaycan bu gün bütün dünya azərbaycanlılarının, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir. Biz hər zaman dövlətimizlə, tariximizlə, xalqımızla fəxr etmişik, lakin etiraf etməliyik ki, 2020-ci il Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək müasir Azərbaycanın yenidən dünyaya günəş kimi doğduğu, xalq olaraq milli kimliyimizin, qürurumuzun bir daha fərqinə vardığımız tarix oldu. Hər birimiz hələ də 2020-ci ildə xalqımızın, ordumuzun möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi Zəfərəinin təəssüratı altındayıq. Gözümüzün önündə yazılan, hər bizimizin şahidi olduğumuz o tarixi günlərə dönüb baxdıqca, hər birimiz bir daha Prezidentimizlə, dövlətimizlə, ordumuzla, vətənpərvər Azərbaycan gəncləri ilə, mərd, fədəkar xalqımız və qəhrəman əsgər-zabitlərimiz, şəhidlərimiz, qazilərimizlə fəx edirik.

Sevindirici haldır ki, Azərbaycan 2020-ci ildən ötən 3 il ərzində günbəgün, aybaay inkişaf etmiş, 8 Noyabr – Böyük Qələbə günümüzdən sonra da yeni-yeni qələbələrə imza atmışdır. 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Ancaq o hadisələrin arasında dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır.

2023-cü ilin aprel ayında isə biz ərazi bütövlüyümüzü tam bərpa etmişdik. Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsi qurulmuş və o gündən bəri Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilmişdir. Bu nailiyyət ölkə başçısı, Prezident İlham Əliyevin növbəti diplomatik uğuru, düşünülmüş və uzaqgörən siyasətinin nəticəsi idi.

2020-ci ildə biz Bayrağımızı Şuşada və azad edilmiş digər ərazilərimizdə qaldırdıq, lakin Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi. Üç il ərzində biz bunu sülh yolu ilə həll etmək istəyirdik. Lakin, Ermənistan rəhbərliyi görünür İkinci Qarabağ müharibəsinin nəticələrindən dərs çıxartmamış və hələ də hansısa üzdəniraq, özlərinə belə xeyri olmayan qüvvələrə bel bağlayırdı. 2023-cü il ərzində qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu dəfələrlə Azərbaycana qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi. Bu qüvvələr Ermənistan rəhbərliyi tərəfindən Qarabağdan çıxarılmadı. Əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi və bizə qarşı mina terroru davam etdirildi. Dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq olunsa da, yenə Azərbaycanın sözünə diqqət yetirilmədi. Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələndi. Beləliklə, Azərbaycanda separatizmin kökü kəsildi və 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edildi, düşmən ordusu məhv edildi.

Bu hərbi əməliyyatları biz “44 gün + 1 gün” adlandıra bilərik. Azərbaycanın öz dövlət suverenliyini tam bərpa etməsinə cəmi 1 gün kifayət etdi. Bu nəyin göstəricisidir? Bu qələbə Azərbaycanın ordusunun, iqtisadiyyatının gücünün nəticəsidir. Bu qüdrəti ölkəmizə qazandıran isə möhtərəm Prezidentimiz, xalqımızın Lideri İlham Əliyevdir.

Xalqımız öz tarixinin ən güclü dövrünü yaşayır. Biz xoşbəxt nəsilik ki, bugünlərə şahidik və əminik ki, bundan sonra Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları hər zaman başını dik tutacaq və böyük ruh yüksəkliyi ilə, alnıaçıq, üzüağ bütün azad olunmuş torpaqlarımızda yaşayacaqlar. Gözün aydın olsun, Vətən!

Səfərova Könül
132-134 nömrəli Təhsil Kompleksinin direktor müavini