XƏBƏRLƏR

Azərbaycan bölməsi “2 a” sinifində “Mülki müdafiə” mövzusunda maarifləndirici-öyrədici dərs təşkil olundu

şərh yoxdu

1 mart – Ümumdünya Mülki Müdafiə Günü münasibətilə bu gün Azərbaycan bölməsi “2 a” sinifində “Mülki müdafiə” mövzusunda maarifləndirici-öyrədici dərs təşkil olundu.

Dərsdə məktəblilər fövqəladə hallarda davranış qaydalarına, Fövqaladə Hallar Nazirliyi əməkdaşlarının fəaliyyətinə, yaralılara ilkin tibbi yardım göstərilməsinə həsr olunan səhnəciklər nümayiş etdirdilər. Sinif rəhbəri Leyla Təhmasib müxtəlif təbii fəlakətlər, yanğın, qasırğa hadisələri, həmçinin məişətdə, məktəbdə yarana biləcək qəzalar haqqında şagirdlərə ətraflı məlumatlar verdi.

Dərsdə məktəblilər fövqəladə hallarda davranış və düzgün təxliyə qaydalarını öyrəndilər.

Pedaqoq: Azərbaycan bölməsi “2 a” sinif rəhbəri Təhmasib Leyla

XƏBƏRLƏR

Rus bölməsi “5 d” sinifində Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş xüsusi maarifləndirici dərs keçirildi

şərh yoxdu

01.03.2024-cü il tarixində 132-134 nömrəli Təhsil Kompleksində 1 mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirici-öyrədici tədbirlər, xüsusi dərslər təşkil olundu, şagirdlərə fövqəladə hallarda davranış qaydaları ətraflı izah olundu.

Maarifləndirmə tədbirləri çərçivəsində Rus bölməsi “5 d” sinifində sinif rəhbəri, Kompleksin Biologiya, Həyat bilgisi və “STEAM” müəllimi Rübabə Səmədovanın rəhbərliyi ilə xüsusi dərs təşkil olundu.

Məktəblilər dərsə hazırlaşdıqları müddətdə “Mülkü müdafiə – özünü qorumağı öyrən”, “İlkin tibbi yanğın”, “Fərdi müdafiə vasitələri – Əleyhqaz”, “Fövqaladə Hallar Nazirliyi”, “Fövqaladə hallar”, “Mənzil – təhlükə mənbəyi kimi” adlı komandalara bölünmüş və hər komanda öz mövzusu üzrə çıxışlar hazırlamış, rəsmlər çəkmiş, məlumatlandırıcı bukletlər tərtib etmişdilər. Dərsdə hər komanda mövzular üzrə hazırladıqları materialları, rəsmləri təqdim etdilər və hər mövzu üzrə xüsusi təqdimatlarla çıxış etdilər.

Dərsdə məktəblilər fövqəladə hallarda davranış qaydalarını və baş verə biləcək hadisələr zamanı düzgün reaksiya tədbirlərini real şəkildə tətbiq edərək öyrəndilər.

Ümumdünya Mülki Müdafiə Gününün qeyd edilməsinin əsas məqsədi şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdir.

XƏBƏRLƏR

Məktəb mühitinə psixoloji dəstək: şagirdlərin təlim prosesində iştirakı, sevdiyi və sevmədiyi fənlər üzrə sorğu keçirildi

132-134 nömrəli Təhsil Kompleksinin psixoloqu Quliyeva Aytən bu gün Azərbaycan bölməsi “6 b” sinif şagirdləri ilə görüşdü, məktəblilərin təlim prosesində iştirakı, sevdiyi və sevmədiyi fənlər üzrə sorğu keçirdi və uşaqların yaş qrupuna uyğun təlimin daha da optimallaşdırılması məqsədilə korreksiya tövsiyələrini verdi.

XƏBƏRLƏR

“32 ilin həsrəti” mövzusunda konfrans formatında dərs təşkil olundu

Azərbaycan bölməsi “9 c” sinifində 26 fevral Xocalı faciəsinin növbəti ildönümünə həsr olunan “32 ilin həsrəti” mövzusunda konfrans formatında dərs təşkil olundu. Dərsdə Kompleksin tarix müəllimləri Xəlilova Pərvanə və Əfəndiyeva Aygün ermənilərin azərbaycanlılara qarşı əsrlərboyu həyata keçirdikləri soyqırım və etnik təmizləmə siyasəti, ermənilərin məqsədli şəkildə Azərbaycan torpaqlarına köçürülməsi, Dağlıq Qarabağ münaqişəsinin meydana gəlməsi, azərbaycanlıların öz doğma torpaqlarından deportasiyası kimi məsələlər haqqında məktəblilərə ətraflı məlumat verdilər. Mənfur ermənilərin xalqımıza qarşı ən qəddar zorakılıq üsullarından istifadə etməklə tarixdə misli görünməmiş cinayətlər törətdiyini qeyd edən müəllimlər 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı zəfərindən danışıb. Vurğulanıb ki, dövlətimizin iqtisadi gücü, hərbi potensialı və beynəlxalq aləmdə nüfuzunun artması, ölkəmizin hərtərəfli inkişafı nəticəsində erməni vandalizmi qurbanlarının qisasının alınıb və bu gün Xocalıda şanlı üçrəngli Azərbaycan bayrağı dalğalanır.

Məktəblilər tarixin müxtəlif dövrlərində xalqımıza qarşı törədilən cinayətlər, Xocalı faciəsi ərəfəsində ölkəmizdə mövcud olan ağır ictimai-siyasi vəziyyət, Xocalı faciəsinin səbəbləri, səbəbkarları, nəticələri və dərsləri haqqında çıxışlar etdilər. Bütün çıxışlarda Azərbaycan gənclərinin milli vətənpərvərlik hissləri xüsusi vurğulandı.

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksində Xocalı soyqırımının otuz ikinci ildönümünə həsr edilən xüsusi dərslər keçirilib, kollektiv “Ana harayı” abidəsini ziyarət edib

Fevralın 26-da bütün ibtidai siniflərdə ilk dərslər Xocalı soyqırımının otuz ikinci ildönümünə həsr edilib. Dərslər Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Müəllimlər hər bir azərbaycanlı üçün ağrılı bir hadisə olan Xocalı soyqırımı, insanlığa qarşı cinayət olan bu dəhşətli qətliamın faktlara əsaslanan gerçəkliyi haqqında məktəblilərə məlumat veriblər. Daha sonra şagirdlərin Xocalı faciəsi ilə bağlı fikirləri dinlənilib, təqdimatlar keçirilib, rəsmlər çəkilib, müvafiq mövzu ətrafında müzakirələr aparılıb. Şagirdlər Vətənə, topağa aid şeirlər səsləndiriblər.

Təhsil Kompleksində Xocalı soyqırımına həsr olunan şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi təşkil edilib.

Həmçinin 132-134 nömrəli Təhsil Kompleksinin kollektivi və məktəblilər “Ana harayı” abidəsini ziyarət edib. Ziyarət zamanı Xocalı qurbanlarının əziz xatirəsi hörmətlə anılıb, abidə kompleksinin önünə gül dəstələri düzülüb.

Foto: Azərbaycan bölməsi “2 b”, “2 d”, “3 c”, “4 a”; Rus bölməsi “1 b”, “2 b”, “2 e”, “3 a”, “3 c”, “4 c”

Video: Rus bölməsi “2 a”, “3 c”, “3 d”

 

XƏBƏRLƏR

“Xocalı hadisəsi erməni vandalizminin nəticəsidir” mövzusunda “dəyirmi masa” keçirilib

Bu gün, 132-134 nömrəli Təhsil Kompleksində Xocalı soyqırımının otuz ikinci ildönümü ilə əlaqədar “Xocalı hadisəsi erməni vandalizminin nəticəsidir” mövzusunda “dəyirmi masa” keçirilib.

Yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən “dəyirmi masa”da əvvəlcə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. “Dəyirmi masa”da çıxış edən Kompleksin təlim-tərbiyə işləri üzrə direktor müavini Şirinova Şəfəq və Kompleksin Azərbaycan dili və ədəbiyyatı müəllimi Şəfiyev Nəsrəddin məktəblilərə hər bir azərbaycanlı üçün ağrılı bir hadisə olan Xocalı qətliamı, Xocalı qətliamının faktlara əsaslanan gerçəkliyi, törədilən insan tələfatı və vandalizmin məhz Azərbaycan dövlətçiliyinə qarşı çevrilməsi haqqında məlumat veriblər, həmçinin tarix boyu ermənilərin Azərbaycan xalqına qarşı düşmənçilik mövqeyi tutmasından, ayrı-ayrı dövrlərdə xalqımızın müstəqilliyə doğru inamlı addımlarla irəliləməsindən narahat olaraq beynəlxalq hüquq normalarına zidd olan müxtəlif təxribat və qırğınlar törətməsindən bəhs ediblər. Vurğulanıb ki, Heydər Əliyev Fondunun “Xocalıya ədalət” kampaniyasının uğurlu fəaliyyəti nəticəsində artıq bir sıra dünya dövlətləri Xocalıda törədilən qırğını soyqırımı kimi qəbul edib.

“Dəyirmi masa” çərçivəsində mövzu ilə bağlı ətraflı müzakirələr aparılıb, məktəblilərin fikirləri dinlənilib. Xüsusi qeyd olunub ki, 44 günlük Vətən müharibəsi Xocalı şəhidlərinin, Birinci Qarabağ müharibəsi şəhidlərinin, xalqımızın günahsız qurbanlarının intiqamının əzəli düşmənimizdən artıqlaması ilə alındığı qəhrəmanlıq dastanı oldu. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan, Qalib Sərkərdə və Azərbaycanın tarixi qəhrəmanı İlham Əliyev 30 illik məsafəni igid əsgər və zabitlərimiz, güclü Ordumuzla 44 gün ərzində qət etdi və tarixi ədalət zəfər çaldı, Azərbaycan xalqının günahsız qurbanlarının qisası döyüş meydanında alındı.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Xocalı soyqırımında həlak olan soydaşlarımızı ehtiramla yad edirik. Xocalıya ədalət!

XƏBƏRLƏR

İşğal nəticəsində xarabalığa çevrilmiş Xocalı şəhəri: Qisasınız alındı!

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan xalqının qan yaddaşına dərin hüzün günü kimi həkk olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir”. Xüsusi amansızlıq və qəddarlıqla törədilmiş bu insanlıq cinayəti Azərbaycan xalqını nəinki sındırmadı, qorxutmadı, əksinə əzəli düşmənimizə qarşı daha da gücləndirdi, mübariz etdi. Azərbaycan xalqı 29 il Xocalını ürək ağrısı ilə yad etdi, günahsız Xocalı sakinlərinə ağladı, sızladı. 2020-ci il 44 günlük Vətən müharibəsində isə qəhrəman Azərbaycan əsgərləri döyüş meydanında bütün Xocalı qurbanlarının, iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin dinc sakinlərindən olan şəhidlərin, son damla qanına qədər Vətən torpağı üçün erməni cəlladları ilə döyüşən qəhrəman Azərbaycan oğul-qızlarının qisasını aldı. İllər sonra Ali Baş Komandan, ölkə başçısı İlham Əliyevin işğal nəticəsində xarabalığa çevrilmiş Xocalı şəhərinə daxil olması, əsgər-zabitlərimizin şəhərdə qürurla gəzməsi hər birimizi çox təzadlı hisslərlə duyğulandırdı. Xalqımıza qarşı törədilən bu qədər zülm, məşəvvəqli hadisələrdən sonra çox şükür ki, Allah Azərbaycan xalqına rahat və qürurla nəfəs almağı, şəhidlərimizin qəbir üstünə alnı açıq getməyi və azad Xocalını görməyi nəsib etdi. Allah bütün şəhidlərimizin ruhunu şad etsin, artıq daha rahat uyuya bilərlər, çünki Azərbaycan Lideri, Azərbaycan xalqı əzəli düşmənimizdən onların qisaslarını aldı. Ruhunuz şad, məqamınız uca olsun, bizim müstəqillik, milli qürur şəhidlərimiz!

Səmədova Tünzalə
132-134 nömrəli Təhsil Kompleksinin Tarix müəllimi

XƏBƏRLƏR

Yaşanmış faciə və qiyamətə qalmayan qisas

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan xalqının tarixinin ən qanlı və dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Ulu Öndər Heydər Əliyev bu faciə haqqında haqlı olaraq bu fikirləri söyləmişdir: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi – Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır – vəhşiliyin görünməmiş təzahürüdür”. Xocalı faciəsində təhlil olunacaq çox məqam var. Xüsusi amansızlıqla qətlə yetirilən insanların yalnız bir günahı var idi – azərbaycanlı olmaları və Xocalı sakini olmaları. Bu sözün əsl mənasında soyqırımdır, çünki yalnızca milli mənsubiyyətinə görə bir gecədə yüzlərlə ailəni məhv etməyin yalnız bir məqsədi ola bilər – bir şəhərin sakinlərini yer üzündən silmək, Azərbaycan xalqına göz dağı vermək və qorxutmaq. Ermənistan millətçiləri bu soyqırım aktında əsl xislətlərini, Azərbaycan xalqına qarşı olan əzəli nifrətlərini, öz qanlarında olan namərdlik və insana yaraşmayan qəddarlığı bütün dünya qarşısında ifşa etdilər. Məqsəd Azərbaycan xalqını qorxutmaq, daha çox Azərbaycan torpağını işğal etmək idi. Çünki bu erməni milləti mövcud olduqları bütün dövrlərdə, dövlətlərdə məhz bu siyasətləri ilə var olub. Osmanlı İmperiyası ərazisində yaşadıqları dövrlərdə də hər zaman xarici düşmənlərlə əməkdaşlıq edərək, Osmanlının çörəyini yeyərək, yenə Osmanlıya qarşı xainliklər etmiş, öz faydalarına olan nələrsə əldə etməyə çalışmışlar. Eyni ssenari Azərbaycan xalqına və müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olan hökümətlərə qarşı da tətbiq olunmuşdur. 1905-1907-ci illərdə müsəlman kəndlərinə qarşı çoxsaylı qanlı terror aktları törədilmiş, 1918-ci il mart hadisələrində Azərbaycanın bir çox şəhər və kəndlərində xüsusi amansızlıqla azərbaycanlılara qarşı qanlı terror aktları törətmiş, Azərbaycan Xalq Cümhuriyyəti illərində də Qərbi Zəngəzuru ələ keçirmək üçün yüz cür hiylələrə əl atmışlar. 1992-ci il Xocalı faciəsi də bu qanlı hadisələrin xüsusi qəddarlığı ilə seçilən son aktı oldu. Lakin bu hadisə eyni zamanda Azərbaycan xalqının mübarizliyinin, iradəsinin, sarsılmaz Vətən sevgisinin nümayişi oldu. Azərbaycanın mərd hərbiçiləri, Xocalı sakinləri son damla qanlarına qədər Vətən torpağını qorudu, bütün dəhşətlərə baxmayaraq erməni qatillərinə başıdik, alnı açıq cavablar verdi. Ermənilər Azərbaycan xalqına qalib gələ bilmədilər və 30 illik siyasi oyunlar, xarici havadarların Azərbaycana bütün mümkün təzyiqlərinə baxmayaraq, Azərbaycan xalqı, Azərbaycan Ordusu və Azərbaycan Liderinin dəmir yumruğu erməni millətçilərinin başını əzdi və erməni qatillərindən əsrlərin intiqamını döyüş meydanında başı uca şəkildə aldı. Qisas qiyamətə qalmadı və Xocalı qurbanlarının, günahsız körpələrin ruhu artıq şaddır. Allah bütün Xocalı şəhidlərimizə rəhmət eləsin!

Xəlilova Pərvanə
132-134 nömrəli Təhsil Kompleksinin Tarix müəllimi

XƏBƏRLƏR

“Yeniyetmələr arasında bullinqlə mübarizə” həftəsi

Bu həftə 132-134 nömrəli Təhsil Kompleksində “Yeniyetmələr arasında bullinqlə mübarizə” həftəsi elan olunub. Həftə çərçivəsində Kompleksin psixoloqları Əhmədova İnarə və Quliyeva Aytən siniflərdə olur, məktəblilərlə bullinq, bulliqin növləri, bu hal baş verdikdə uşağın nə etməli olduğu haqqında sinif müzakirələri təşkil edirlər. Şagirdlərə bullinq qurbanına necə yardım göstərə biləcəkləri haqqında ipucları verilir və onlarla bullinq qurbanına qarşı empatiya, bullinq törədənə qarşı isə dözümsüzlük yaratmağa kömək edəcək maarifləndirmə xarakterli söhbətlər aparılır. Həmçinin, sinif yoldaşları ilə münasibət qurmaqda çətinlikləri olan məktəblilərlə fərdi-tərbiyəvi söhbətlər təşkil edilir. 

XƏBƏRLƏR

21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə xüsusi dərslər təşkil olundu

Bu gün 132-134 nömrəli Təhsil Kompleksində 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə bütün aşağı və yuxarı siniflərdə “Dilimiz-dəyərimiz”, “Dilimiz varlığımızdır!”, “Ana dilimizi sevək və sevdirək!”, “Ana dilim – doğma dilim”, “Azərbaycan dili milli varlığımızdır” və digər mövzularda çoxsaylı xüsusi dərslər təşkil edilib.

Dərslərdə şagirdlərə Azərbaycan dilinin tarixi, keçdiyi inkişaf yolu, dilimizin zənginliyi, dilimizə dövlətimiz tərəfindən göstərilən qayğı haqqında ətraflı məlumat verilib. Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəldilməsində, milli-mənəvi dəyərlərin qorunmasında Ümummilli Lider Heydər Əliyevin xidmətləri xüsusilə vurğulanıb.

Şagirdlər ana dilimizə həsr edilən şeirlər, mahnılar söyləyib, doğma dilimizə sevgi hisslərinin əks olunduğu ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, hazırladıqları referatları təqdim ediblər.

Qeyd edək ki, məktəblərdə Beynəlxalq Ana Dili Gününün qeyd edilməsinin əsas məqsədi Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi barədə şagirdlərə dolğun məlumat vermək, doğma dilimizin saflığının qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsinə nail olmaq, gələcəyimiz olan uşaqlara dilimizə sevgi və hörmət hissini aşılamaqdan ibarətdir.

Pedaqoqlar: Kompleksin Azərbaycan  dili və ədəbiyyatı müəllimi Şəfiyev Nəsrəddin, Azərbaycan dili müəllimləri Əliyeva Rəna, Əhmədli Bikə, İbrahimova Xuraman, Babayeva Nigar, Ələsgərova Nərgiz, Rzayeva Səriyyə, Azərbaycan dili və Ədəbiyyat müəllimi Abbasova Mehriban