XƏBƏRLƏR

“Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda maarifləndirici seminar keçirildi

şərh yoxdu

Aprelin 4-də 132-134 nömrəli Təhsil Kompleksinin yuxarı sinif şagirdlərinin iştirakı ilə “Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda maarifləndirici seminar keçirildi.

Seminar çərçivəsində məktəblilərlə görüşən Səadət Sarayının(Bakı nikah evi) müdir müavini İradə İsgəndərova və Səadət Sarayının (Bakı nikah evi) baş məsləhətçisi Kəmalə Mahmudova şagirdlərə erkən nikahın, o cümlədən qohumlar arasında və dini nikahların Azərbaycanın ailə genefonduna təsiri, bu mövzulardakı aktual problemlər, erkən nikahları meydana gətirən səbəblər, bu nikahların cəmiyyət üçün mənfi fəsadları haqqında ətraflı məlumat verdilər. Qeyd olundu ki, erkən nikah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Vurğulandı ki, erkən nikah qanun pozuntusu olmaqla yanaşı, həm də insan psixologiyasına, xüsusilə də azyaşlı qızların sağlamlığına təhlükə yaradır və böyük fəsadlara yol açır.

Mövzu ətrafında müzakirə təşkil olundu, şagirdlər mövzu ilə bağlı fikirlərini bildirdilər, eyni zamanda məktəbliləri maraqlandıran suallar cavablandırıldı.

XƏBƏRLƏR

“Aprel döyüşləri: tarixi Zəfərin başlanğıcı” mövzusunda “dəyirmi masa” keçirildi

şərh yoxdu

Aprelin 4-də 132-134 nömrəli Təhsil Kompleksində Aprel döyüşlərinin növbəti ildönümünə həsr edilmiş “Aprel döyüşləri: tarixi Zəfərin başlanğıcı” mövzusunda “dəyirmi masa” keçirildi. Rus bölməsi “9 ç” və “9 d” sinif şagirdlərinin iştirak etdiyi “dəyirmi masa”da məktəbliər Aprel döyüşləri, dörd günlük döyüşlərdə əldə olunan zəfərlər və Aprel şəhidlərinin igidliyi haqqında Azərbaycan və Rus dillərində təqdimatlarla çıxış etdilər. Vurğulandı ki, Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi. Bu qələbə igid əsgərlərimizin işğal olunan torpaqlarımızın azad edilməsinə tam hazır olduğunu sübut etdi və Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində torpaqlarımızı mənfur düşmən işğalından azad etməsi və Şanlı Zəfərimizin başlanğıcı oldu.

Məktəblilər “dəyirmi masa”da Aprel döyüşləri şəhidlərinin əziz xatirəsini yad etdilər, hər şagird Aprel döyüşlərinin bir qəhrəman şəhidinin həyat və döyüş yolu haqqında məlumat verdi. Diqqətə çatdırıldı ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində hər bir şəhidin qəhrəmanlığı böyük nümunədir.

Pedaqoqlar: Kompleksin Tarix müəllimləri qabaqcıl təhsil işçisi Şıxəmirova Yelena Lvovna və Səfərəliyeva Sevinc 

Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!

XƏBƏRLƏR

Sudan qənaətli və səmərəli istifadə ilə bağlı maarifləndirici dərs

şərh yoxdu

Bu gün, “7 a” sinifində Kompleksin Biologiya müəllimi Könül Əliyevanın rəhbərliyi ilə su ehtiyatlarının idarə olunması, sudan qənaətli və səmərəli istifadə ilə bağlı maarifləndirici dərs keçirildi. Dərsdə məktəblilər suyun insan həyatındakı rolu, susuzluğun cəmiyyətdə yaratdığı fəsadlar haqqında hazırladıqları təqdimatlarla çıxış etdilər.

Şagirdlərə evdə və məktəbdə su ehtiyatlarından səmərəli istifadə etmələri, artıq su israfına yol verməmələri tövsiyə edildi.

XƏBƏRLƏR

Tarix fənni üzrə “Breyn-rinq” intellektual yarışı keçirildi

şərh yoxdu

Aprelin 3-də Rus bölməsi bütün VI sinif şagirdlərinin iştirakı ilə Tarix fənni üzrə “Breyn-rinq” intellektual yarışı keçirildi.

Rus bölməsi “6 a”, “6 b”, “6 c” və “6 d” siniflərini təmsil edən 4 komandanın yarışdığı “Breyn-rinq”in qalibi “6 b” sinif şagirdlərindən ibarət “Sparta” komandası oldu.

Yarışın qaliblərinə və bütün iştirakçılara həvəsləndirici hədiyyələr təqdim olundu.

Pedaqoqlar: Kompleksin Tarix müəllimləri qabaqcıl təhsil işçisi Şıxəmirova Yelena Lvovna və Qonaqova Firəngiz

XƏBƏRLƏR

“Günəş sisteminin planetləri” mövzusunda maraqlı layihə – Rus bölməsi “3 f” sinifi

şərh yoxdu

Rus bölməsi “3 f” sinifində “Rus dili”, “Texnologiya” və “Təsviri incəsənət” fənnlərinin inteqrasiya olunmuş dərsində məktəblilər “Günəş sisteminin planetləri” mövzusunda maraqlı layihə hazırladılar. Dərsdə şagirdlər həm planetlər haqqında yeni məlumatlar öyrəndilər, həm də hər planetin maketini hazırlayaraq, planet haqqında öyrəndikləri bilikləri möhkəmləndirdilər.

Pedaqoq: Rus bölməsi “3 f” sinif rəhbəri Məmmədova Lalə

 

XƏBƏRLƏR

VIII sinif şagirdləri və valideynləri ilə “Erkən nikahın fəsadları” mövzusunda görüş və fikir mübadiləsi təşkil olundu

şərh yoxdu

Martın 6-da 132-134 nömrəli Təhsil Kompleksində VIII sinif şagirdləri və valideynləri ilə “Erkən nikahın fəsadları” mövzusunda görüş və fikir mübadiləsi təşkil olundu. Görüşdə Kompleksin direktor müavinləri, psixoloqlar, sinif rəhbərləri iştirak etdilər.

Valideylər və şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi formatında təşkil olunan görüşdə məktəb psixoloqları Əhmədova İnarə və Quliyeva Aytən erkən nikah problemi haqqında məktəblilərin və valideynlərin fikirlərini öyrəndilər. Çıxışlarda qeyd olundu ki, erkən nikahlar uşaqların – həm qızların, həm də oğlanların inkişafına mənfi təsir göstərir. Erkən nikahlar qızların təhsil almaq həvəsini və imkanlarını azaldır, bu eyni zamanda reproduktiv sağlamlığa da təhlükə yaradır. Tədbirdə erkən nikah probleminin yaranmasının qarşısının alınması istiqamətində görülən işlər haqqında məlumat verildi, problemin həll olunması üçün valideyn, müəllim, məktəb psixoloqlarının birlikdə əməkdaşlıq etmələrinin əhəmiyyəti vurğulandı. 

XƏBƏRLƏR

“Qohumlararası nikahların fəsadları“ mövzusunda şagirdlərlə maarifləndirici söhbət keçirilib

şərh yoxdu

132-134 nömrəli Təhsil Kompleksində VIII-IX sinif şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması üzrə maarifləndirmə işləri davam edir.

Martın 5-də məktəbliləri qohumlar arasında nikahın mənfi nəticələri haqqında məlumatlandırmaq məqsədilə “Qohumlararası nikahların fəsadları“ mövzusunda şagirdlərlə maarifləndirici söhbət aparılıb.

İlk olaraq şagirdlərə gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi haqqında məlumat verilib. Bildirilib ki, qohum nikahlar genetik xəstəlikləri artıran önəmli faktordur. Qohum evliliklərdə zərərli genlərin bir-biri ilə qarşılaşma ehtimalı yüksəlir. Ona görə də onların uşaqlarının müəyyən xəstəliklərə tutulması ehtimalı çox yüksək olur. Qohum evliliklərdə ən çox rast gəlinən qan xəstəlikləri, göz, qulaq, əzələ – sinir, ürək – damar və şəkər xəstəlikləri, ağıldankəmlik və s-dir. Qan xəstəlikləri arasında isə talassemiya, hemofiliya və başqa qan xəstəlikləri daha çox yayılıb.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

XƏBƏRLƏR

Fövqəladə hallar və mülki müdafiə mövzusuna həsr olunan xüsusi maarifləndirici tədbir təşkil olundu

şərh yoxdu

01.03.2024-cü il tarixində 132-134 nömrəli Təhsil Kompleksinin Akt zalında fövqəladə hallar və mülki müdafiə mövzusuna həsr olunan xüsusi maarifləndirici tədbir təşkil olundu.

Tədbirdə fövqəladə hal anlayışı, mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın, partlayış, zəhərlənmə təhlükəsindən mühafizə, dəm qazından zəhərlənmənin profilaktikası, ilkin tibbi yardım, “112” zəng xidmətindən istifadə haqqında məktəblilərə geniş məlumat verildi və fövqəladə hallarda davranış qaydaları ətraflı izah olundu.

Təhsil Kompleksində “Mülki müdafiə” mövzusunda foto və şagirdlərin rəsm-maketlər stendi təşkil edildi.