Oktyabrın 5-də Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırıldığı növbəti beynəlxalq platforma oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimindəki nitqində Ermənistanın işğalçılıq siyasətinin acınacaqlı nəticələrini bir daha faktlar və əsaslı sübutlarla dünya ictimaiyyətinə təqdim etdi. Artıq bütün dünya Azərbaycanın işğaldan azad olunmuş ərazilərində erməni vandalizminin, barbarlığının, xalqımıza qarşı aparılan etnik təmizləmə siyasətinin canlı şahididir.
Ötən 30 illik işğal dövründə Azərbaycanın düşmən tapdağında olan bütün şəhər və kəndləri qəddarcasına dağıdılıb, ermənilər bizim torpaqlarımızda qanunsuz məskunlaşdırma siyasəti həyata keçirib. İşğaldan azad olunan ərazilərə gələn xarici ekspertlər, jurnalistlər viran qoyulmuş Azərbaycan şəhərlərinə, Füziliyə, Cəbrayıla, Qubadlıya, Zəngilana “urbisid qurbanı”, “ruhlar şəhəri”, Ağdama isə də “Qafqazın Xirosiması” adlarını verib. Bu adların hər biri xalqımıza qarşı törədilən insanlıq faciəsi və hərbi cinayətlərin miqyasını əks etdirir.
Ağdam şəhərinin bir zamanlar yerləşdiyi məkanda keçirilən Forumda dünyanın 40-dan çox ölkənin nümayəndəsi, BMT təmsilçisi iştirak etdilər. Xarici qonaqlar Ağdamda gördükləri mənzərəni Qarabağ ərazisində hər bir kənddə görə bilərlər. Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Bunun səbəbi odur ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması hesab olunur. Ermənilər Azərbaycan xalqına qarşı hərbi cinayətlər işləməklə yanaşı, xalqımızın əzəli torpaqlarında tarixi, mədəni, dini irsini silmək üçün kütləvi dağıntılar törədib, xalqımızın maddi və mənəvi tarixi xəzinələri talan olunub, oğurlanıb, məhv olunub. İşğalçı həmçinin daha bir beynəlxalq cinayətə imza ataraq Azərbaycan ərazilərində qanunsuz məskunlaşma siyasəti yürüdüb. Lakin, 44 günlük müharibə təcavüzkar Ermənistana əsaslı cavab oldu, xalqımızın əzəli düşmənin başı əzildi və qisas qiyamətə qalmadı.
Dövlət başçısının bu beynəlxalq Forumdakı tarixi nitqində qeyd etdiyi kimi, əvvəllər bizim milli ideya torpaqlarımıza qayıtmaqdan, ədaləti və ərazi bütövlüyümüzü bərpa etməkdən ibarət idi və bütün Azərbaycan xalqı bu ideya ətrafında birləşmişdi, özünü buna hazırlamışdı. 8 noyabr 2020-ci il tarixində Azərbaycan xalqı Böyük Qələbəni gününü tarixə həkk etdi. İndi azərbaycan xalqı artıq öz ata-baba yurlarına qayıdır. İndi biz keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün potensialımızı səfərbər edirik. İşğaldan azad olunan ərazilərdə irimiqyaslı infrastruktur layihələr icra olunur. Biz beynəlxalq hüquq normalarından istifadə edərək geri qayıtdıq və biz burada yaşamağa, əbədi yaşamağa geri qayıtdıq. Əminik ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu möhtəşəm bərpa və quruculuq işləri nəticəsində Qarabağ yaxın illərdə cənnət məkana çevriləcək.
Manaflı Gülər
132-134 nömrəli Təhsil Kompleksinin İngilis dili müəllimi