Fevralın 24-də 132-134 nömrəli Təhsil Kompleksində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan tədbir keçirildi.
İlk öncə Dövlət Himni səsləndirildi. Sonra Azərbaycan xalqına qarşı xüsusi amansızlıqla törədilmiş Xocalı soyqırımının qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Anım tədbirində 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş ağır cinayət olan Xocalı soyqırımına həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Kompozisiyada məktəblilər Azərbaycan xalqının qanayan yarası olan Xocalı faciəsi ilə bağlı duyğuları, xalqımızın hüznü, ağrısı, eyni zamanda 44 günlük Vətən müharibəsində Xocalı qətliamını törədən erməni işğalçılarından artıqlaması ilə alınan qisasa dair şerlər, mahnılar səsləndirdilər və səhnəciklər ifa etdilər.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən genişmiqyaslı işlər və Azərbaycan xalqının qələbə əzminin və əzəli düşmənimizdən döyüş meydanında alınan qisasın təccəssümü olan 44 günlük Vətən müharibəsinə həsr olunan videoçarxlar nümayiş olundu.
Anım tədbirində həmçinin “İrəli” İctimai Birliyi tərəfindən çəkilən və Xocalı soyqırımında hər iki valideynini itirən 25 uşaqdan bəhs edən “Böyüməyən uşaqlar” filmi məktəblilərə təqdim olundu. Filmin əsas məqsədi ermənilərin törətdiyi soyqırım ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Filmdə Xocalıda törədilən soyqırımı haqqında geniş məlumat verilir. Eyni zamanda Xocalı faciəsinin canlı şahidi, soyqırımı zamanı bütün ailəsini itirən Mehdi Əliyevin təəssüratları fonunda bir daha həmin günün dəhşətləri anladılır.
Çıxış edən Təhsil Kompleksinin direktoru Sara Xanlarova bildirdi ki, Azərbaycan xalqı 1992-ci il 25-26 fevral tarixlərini hər il böyük hüzün və ağrı ilə yad edir. XX əsrin ən qanlı faciəsi və Azərbaycan xalqına qarşı törədilən dəhşətli insanlıq cinayəti olan Xocalı qətliamı qan yaddaşımıza həkk olunan böyük faciədir və böyük faciə olaraq da qalacaqdır. Erməni vandallarının törətdiyi bu soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, soyqırım qurbanlarının xatirəsini yaşatmaq hər bir azərbaycanlının müqəddəs borcudur. Vurğulandı ki, gənc və gələcək nəsillər bu faciədən ibrət dərsi götürməli və xalqımızın başına bir daha belə fəlakətlərin gəlməməsi üçün var gücüylə çalışmalıdırlar. Direktor məktəblilərə hər zaman “Biz bu gün kimik, haradayıq və gələcəyimiz nədir?” suallarına cavab axtarmağı tövsiyə etdi. Vurğulandı ki, “Biz qədim tarixə və zəngin dövlətçilik irsinə malik olan Azərbaycan xalqının nümayəndələriyik. 44 günlük Vətən müharibəsində Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu xalqımızın qisasını əzəli düşmənindən layiqincə və döyüş meydanında aldı.” Tədbirdə 44 günlük Vətən müharibəsində qəhrəmancasına Şəhid olan 132-134 nömrəli Təhsil Kompleksinin məzunları Nicat Tarıverdiyev, Fərid Əliyev və Yusif Budaqovun əziz xatirəsi ehtiramla yad olundu.
132-134 nömrəli Təhsil Kompleksində gənc nəslin yüksək vətənpərvərlik və milli ruhda təlim-tərbiyəsinə hər zaman xüsusi diqqət göstərildiyini qeyd edən S.Xanlarova məktəblilərə Vətəni sevməyi, hər zaman azərbaycanlı olduqları ilə fəxr etməyi, tariximizi, mədəniyyətimizi dərindən öyrənməyi və təbliğ etməyi, müstəqil dövlətçiliyimizin adını uca tutmağı, əla təhsil almağı, nümunəvi şagird olmağı, ailə dəyərlərini yüksək qiymətləndirməyi, onlara elmin sirlərini tədris edən müəllimlərinə hər zaman hörmətlə yanaşmağı və əsl vətəndaş olmağı tövsiyə etdi.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Xocalı soyqırımında həlak olan soydaşlarımızı ehtiramla yad edirik. Xocalıya ədalət!
#Khojaly #Xocalı #xocalıfaciəsi #XocalıSoyqırımı #JusticeforKhojaly #XocalıyaƏdalət #KhojalyGenocide #26february1992 #dontforget