Oktyabrın 18-də Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, “İnnovativ Təşəbbüslər” İctimai Birliyi və 132-134 nömrəli Təhsil Kompleksinin birgə təşkilatçılığı ilə “Mən bir əsgərəm – könüldən Vətənliyəm!” adlı hərbi-vətənpərvərlik, maarifləndirmə tədbiri keçirildi.
Tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşı Əşrəf Əhmədov, 44 günlük Vətən müharibəsi qaziləri, Şuşa fatehləri – ehtiyatda olan XTQ mənsubu Məmmədov Nazim və XTQ könüllüsü Quluzadə Əlişəfi, 132-134 nömrəli Təhsil Kompleksinin Hərbi rəhbəri, Əməkdar məşqçi Ayaz İbişov, Təhsil Kompleksinin müəllimləri və şagirdləri iştirak etdilər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşı Əşrəf Əhmədov çıxış edərək, gənc nəsilə vətənpərvərlik hisslərinin aşılanmasında maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışdı və “Əsgər kimdir?”, “Əsgər – çalışdığı sahədə Vətənə layiqli şəkildə xidmət edən hər bir vətəndaşdır”, “Hərbiçi və hərb sənəti”, “Nizam-intizamın hər bir şəxsin həyatındakı rolu”, “44 günlük Vətən müharibəsində Azərbaycan xalqının tarixi Zəfəri”, “Döyüşkən və qələbə ruhlu Azərbaycan əsgəri” mövzularında məktəblilərlə fikir mübadiləsi təşkil etdi.
Tədbirdə “İnnovativ Təşəbbüslər” İctimai Birliyi tərəfindən hazırlanmış və məktəblilərin böyük maraqla izlədiyi videoçarxlar nümayiş olundu.
Çıxış edən 132-134 nömrəli Təhsil Kompleksinin Hərbi rəhbəri, Əməkdar məşqçi Ayaz İbişov 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının tarixi Zəfəri, 2016-cı Aprel döyüşləri, 2020-ci il Tovuz döyüşlərində Azərbaycan əsgərinin qəhrəmanlığı, gənc nəslin təlim-tərbiyəsində hərbi-vətənpərvərlik mövzularının əhəmiyyəti haqqında danışdı və məktəblilərə elm, təhsil, idman, çalışacaqları hər bir peşə fəaliyyətində uğurlar arzuladı.
Daha sonra 44 günlük Vətən müharibəsi qaziləri, Şuşa fatehləri – ehtiyatda olan XTQ mənsubu Məmmədov Nazim və XTQ könüllüsü Quluzadə Əlişəfi səhnəyə dəvət olundular. Qəhrəman qazilərimiz Azərbaycan əsgərinin 44 günlük şanlı döyüş yolu haqqında məlumat verərək, məktəblilərin müharibə və rəşadətli Azərbaycan Ordusunun tarixi qələbəsi, Şuşanın işğladan azad olunması haqqında çoxsaylı suallarını ətraflı cavablandırdılar.
Tədbirdə Təhsil Kompleksinin üç qəhrəman məzun Şəhidi – Nicat Tarıverdiyev, Fərid Əliyev və Yusif Budaqovun, Birinci Qarabağ müharibəsi Şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun əziz xatirələrini xüsusi ehtiramla yad olundu.
Məktəblilərin böyük marağına səbəb olan tədbirdə qəhrəman qazilərimizlə çoxsaylı xatirə şəkilləri çəkildi.