Azərbaycan bölməsi “9 c” sinifində 26 fevral Xocalı faciəsinin növbəti ildönümünə həsr olunan “32 ilin həsrəti” mövzusunda konfrans formatında dərs təşkil olundu. Dərsdə Kompleksin tarix müəllimləri Xəlilova Pərvanə və Əfəndiyeva Aygün ermənilərin azərbaycanlılara qarşı əsrlərboyu həyata keçirdikləri soyqırım və etnik təmizləmə siyasəti, ermənilərin məqsədli şəkildə Azərbaycan torpaqlarına köçürülməsi, Dağlıq Qarabağ münaqişəsinin meydana gəlməsi, azərbaycanlıların öz doğma torpaqlarından deportasiyası kimi məsələlər haqqında məktəblilərə ətraflı məlumat verdilər. Mənfur ermənilərin xalqımıza qarşı ən qəddar zorakılıq üsullarından istifadə etməklə tarixdə misli görünməmiş cinayətlər törətdiyini qeyd edən müəllimlər 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı zəfərindən danışıb. Vurğulanıb ki, dövlətimizin iqtisadi gücü, hərbi potensialı və beynəlxalq aləmdə nüfuzunun artması, ölkəmizin hərtərəfli inkişafı nəticəsində erməni vandalizmi qurbanlarının qisasının alınıb və bu gün Xocalıda şanlı üçrəngli Azərbaycan bayrağı dalğalanır.
Məktəblilər tarixin müxtəlif dövrlərində xalqımıza qarşı törədilən cinayətlər, Xocalı faciəsi ərəfəsində ölkəmizdə mövcud olan ağır ictimai-siyasi vəziyyət, Xocalı faciəsinin səbəbləri, səbəbkarları, nəticələri və dərsləri haqqında çıxışlar etdilər. Bütün çıxışlarda Azərbaycan gənclərinin milli vətənpərvərlik hissləri xüsusi vurğulandı.