132-134 nömrəli Təhsil Kompleksinin Rus bölməsi “8 b” sinif şagirdləri erməni işğalçıları ilə döyüşlərdə Şəhid olmuş və 44 günlük Vətən müharibəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün İkinci Fəxri Xiyabanı ziyarət etdilər.
Ziyarət zamanı bütün Şəhidlərimizin unudulmaz xatirəsi dərin hörmət və ehtiramla anıldı, məzarları üzərinə qərənfillər düzüldü.
Məktəblilər 132-134 nömrəli Təhsil Kompleksinin qəhrəman məzunu, 44 günlük Vətən müharibəsinin Şəhidi Nicat Tarıverdiyevin məzarını ziyarət etdilər, qəhrəman Şəhidimizin Anası Şükran xanımla görüşdülər.
Torpaq, uğrunda ölən varsa Vətəndir! Azərbaycan xalqı 44 günlük Vətən müharibəsinin hər günündə dönə-dönə sübut etdi ki, üzərinə ayaq basdığımız, müqəddəs bildiyimiz bu topraqların hər qarışı Vətəndir! Zəfərə gedən yolun hər addımında Şəhid verildi, minlərlə gənc Vətəndən pay olmayacağını Vətən torpağı ilə bütünləşərək sübuta yetirdi. Bu şanlı tarixi bizə yaşadanları dərin hörmət və ehtiramla yad edirik! Ruhunuz şad olsun, igid Vətən oğulları!