132-134 nömrəli Təhsil Kompleksi və “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Heydər Əliyev – 100: Böyük ömrün dastanı” adlı yubiley tədbiri keçirildi.
Yubiley tədbirində Azərbaycanın əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı, tanınmış kinorejissor Vaqif Mustafayev, “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı və digər qonaqlar iştirak etdilər.
İlk öncə Dövlət Himni səsləndirildi.
Çıxış edən Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova müstəqil Azərbaycan dövləti üçün ən taleyüklü dövrlərdə misilsiz tarixi xidmətlər göstərmiş böyük şəxsiyyət, görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqımızın milli azadlıq və müstəqillik tarixində xilaskarlıq rolu, mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi barədə danışdı. S.Xanlarova qeyd etdi ki, bütün həyatını Azərbaycanın tərəqqisi, xalqımızın rifahına həsr edən Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı ən böyük xidmətlərindən biri şah əsəri olan Azərbaycanı sağlığında layiqli siyasi varisi, möhtərəm Prezidentimiz İlham Əliyevə etibar etməsidir. Azərbaycanda ötən dövr ərzində istisnasız bütün sosial-iqtisadi sahələrdə əldə olunan uğurlar, ölkəmizin ildən-ilə dinamik inkişafı, ən əsası isə 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının möhtəşəm qələbəsi Ulu Öndər Heydər Əliyevin uzaqgörən ideyalarının və Prezident cənab İlham Əliyevin düşünülmüş və Azərbaycan xalqının milli maraqlarına xidmət edən siyasətinin təntənəsidir. Vurğulandı ki, Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi olduqca önəmlidir. Çünki görkəmli dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin həyat yolu və zəngin irsi, Onun Vətən sevgisi və Azərbaycançılıq məfkurəsi gənc və gələcək nəsillərimiz üçün böyük örnəkdir. S.Xanlarova Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı müstəsna xidmətlərini xüsusi vurğulayaraq görkəmli dövlət xadiminin ümumtəhsil məktəblərinə, müəllim peşəsinə, şagirdlərə və Azərbaycanın gələcəyi olan gənclərə olan diqqət və qayğısından geniş bəhs etdi. Bildirildi ki, Ulu Öndərin əziz xatirəsi xalqımız tərəfindən əbədiyyən yaşadılacaq, Ümummilli Lider Heydər Əliyev hər zaman böyük sevgi və ehtiramla yad olunacaqdır.
Ulu Öndər Heydər Əliyev haqqında 12 sənədli filmin və “Heydər Əliyev” bədii filminin müəllifi olan Azərbaycan Respublikasının xalq artisti Vaqif Mustafayev çıxışında Ümummilli Lider haqqında böyük hörmət və ehtiramla danışdı. Kinorejissor qeyd etdi ki, “Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük və unudulmaz şəxsiyyətlərdən biri idi. İllər gəlib keçəcək, zaman ötəcək, nəsillər dəyişəcək, lakin Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətləri heç vaxt unudulmayacaq. Xüsusilə, mədəniyyət və kino işçilərinə onun göstərdiyi diqqət və qayğı hər cür təqdirə layiqdir. Bu sahədə fəaliyyət göstərən elə sənətkar tapmaq olmaz ki, Ulu Öndərin qayğısından kənarda qalsın. Mən dünya şöhrətli belə bir şəxsiyyəti tanıdığıma və onun həyatının müəyyən epizodlarını kinolentin yaddaşına köçürdüyümə görə qürur hissi duyuram.” Ölkə başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qarabağ zəfərinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə ən böyük hədiyyə olduğunu vurğulayan V.Mustafayev Heydər Əliyev haqqında çəkdiyi filmlərin, o cümlədən “Heydər Əliyev. Bir həsədin tarixi” və “Heydər Əliyev. Əsl məhəbbət haqqında” sənədli filmlərinin ərsəyə gəlməsi, dahi şəxsiyyətlə şəxsi görüşləri, səmimi söhbətləri barədə geniş bəhs etdi və Ulu Öndər haqqında unudulmaz xatirələrini məktəblilərlə bölüşdü. V.Mustafayev məktəblilərə yaxşı təhsil almağı və Vətənə layiq vətəndaşlar kimi yetişməyi tövsiyə etdi.
“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı çıxışı zamanı Ulu Öndər Heydər Əliyevin həyatının bütün mərhələlərində daim Azərbaycanın inkişaf və tərəqqisi naminə çalışdığını, Ulu Öndər tərəfindən əsası qoyulan dövlət siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən eyni həssaslıq və uğurla davam etdirildiyini diqqətə çatdırdı. Qeyd olundu ki, Azərbaycanda dövlət gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin gənclər sahəsinə olan diqqəti bu sahənin inkişafını şərtləndirən əsas amillərdən biri idi. Ölkəmizdə gənclərin sağlam, vətənpərvər və milli ruhda inkişafını özünün əsas istiqaməti olaraq müəyyənləşdirən “İrəli” İctimai Birliyi də bu sahədə fəaliyyəti ilə dövlət gənclər siyasətinə töhfələr verməkdədir.
Yubiley tədbirində Ulu Öndər Heydər Əliyevin sevdiyi mahnılar pianinoda ifa olundu, Ümummilli Liderin həyat yolu və çoxşaxəli dövlətçilik fəaliyyətinin əks olunduğu videoçarxlar nümayiş olundu. 132-134 nömrəli Təhsil Kompleksinin şagirdlərinin ifasında müstəqil və müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan ədəbi-bədii kompozisiya səsləndirildi və səhnəciklər təqdim olundu.