27 sentyabr 2020-ci il. Bu tarixi gün Azərbaycan xalqının müasir dövr qəhrəmanlıq dastanının və Böyük Zəfərə gedən yolun başlanğıcı oldu. Artıq ikinci ildir ki, xalqımız bu tarixi günü dərin hüzn, eyni zamanda hədsiz fəxarət və qürur hissi ilə yad edir. Məhz bu tarixi gündə işğalçı Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi növbəti hərbi təxribata cavab olaraq Azərbaycan Silahlı Qüvvələri düşmənə qarşı əks hücuma keçdi və 44 günlük Vətən müharibəsi tarixə həkk olundu.
Müharibə hər zaman bir xalqın taleyində ən ağır hadisədir, çünki müharibə hər zaman itki, dağıntı, gözüyaşlı qalan ailələr, yarımçıq qalan həyatlar və fəda olunan gənc ömürlər deməkdir. Lakin 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının 30 illik Vətən torpağı həsrətinə son qoyan, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən və əzəli düşməndən nəhayət ki, qisas alınan əsl haqq mübarizəsi idi. Bütün dünya 44 gün ərzində Azərbaycan xalqını sanki yenidən tanıdı, Azərbaycan Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanına, ölkəmizdəki xalq-ordu-iqtidar birliyinə, Azərbaycan gəncliyinin Vətən sevgisinə, mərdliyinə, cəsarətinə, fədakarlığına yaxşı mənada qibtə etdi. Dünya hərb tarixində özünəməxsusluğu ilə seçilən 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Bu tarixi qələbə möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyinin, Azərbaycan xalqının bir yumruq kimi birləşərək vahid amal uğrunda mübarizəsinin və qəhrəman Azərbaycan əsgər və zabitlərinin hərbi hazırlığı, döyüş və qələbə ruhu, fədakarlığı və vətənpərvərliyinin nəticəsidir.
27 sentyabr tarixi Azərbaycanda Anım Günüdür. Bu tarixi gündə hər il xalqımız bizə tarixi qələbəni qazandıran, qanıyla, canıyla Vətən torpağını düşmən tapdağından azad edən, şanlı Azərbaycan bayrağını azad Qarabağ torpaqlarında dalğalandıran qəhrəman övladlarını ehtiramla yad edəcək, onların Vətən qarşısındakı xidmətlərini, fədakarlığını əbədi yaşadacaq. Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban xanım Əliyevanın Füzuli rayonuna səfəri zamanı dövlət başçısının Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsi önündəki çıxışında qeyd etdiyi kimi: “Bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir. Allah bütün şəhidlərimizə rəhmət etsin. Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər. Biz öz şəhidlərimizlə fəxr edirik. Qəhrəman əsgər və zabitlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.” Bəli, Anım günündə ehtiramla və dərin məhəbbətlə yad etdiyimiz Vətənin igid övladlarının, bütün Şəhidlərimizin qisası, qanı alındı. Düşmən rüsvayçı kapitulyasiya aktına imza atmağa məcbur oldu və Azərbaycanın əzəli torpaqları əsl sahiblərinə geri döndü. Biz həqiqətən də, xoşbəxt nəsilik ki, bu böyük tarixin addım-addım yazılmasına şahidlik etdik. Azərbaycan xalqı, Vətənin igid oğulları müstəqilliyimizin keşiyində əbədi duracaq və torpaq uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsini əbədi yaşadacaqlar.
Cavadova Dilşad
132-134 nömrəli Təhsil Kompleksinin Biologiya müəllimi