132-134 nömrəli Təhsil Kompleksində 28 may – Müstəqillik Günü münasibətilə bayram tədbiri keçirildi.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbirdə Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və Cümhuriyyətin fəaliyyəti sayəsində dövlətçilik tariximizin zənginləşən əsaslarına həsr olunan videoçarxlar nümayiş olundu.
Tədbirdə Kompleksin şagirdləri “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” mövzusunda ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Məktəblilərin çıxışı zamanı qeyd olundu ki, müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. Müstəqil Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir. Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu olmaqla yanaşı, çoxəsrlik dövlətçilik tariximizdə mühüm yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin xidmətlərini hər zaman yüksək qiymətləndirmiş, cümhuriyyət ənənələrinin yaşadılmasına və inkişaf etdirilməsinə daim böyük əhəmiyyət vermişdir.
Tədbirdə vurğulandı ki, bu gün Azərbaycan dünya miqyasında yüksək beynəlxalq nüfuza malik olan ölkədir. 44 günlük Vətən müharibəsində Azərbaycan öz tarixi torpaqlarını düşmən işğalından azad etdi. Cümhuriyyət dövründən bizə əmanət qalan şanlı üçrəngli bayrağımız azad Qarabağda dalğalanmaqdadır. Qarabağ Azərbaycandır!
Müstəqillik Günümüz mübarək!