XƏBƏRLƏR

Sentyabrın 15-də ölkəmizdə yeni 2023-2024-cü tədris ili başlayır. 132-134 nömrəli Təhsil Kompleksində şagirdlər, müəllimlər və valideynlər Bilik gününü həmişə olduğu kimi, bu il də böyük sevinclə qeyd etdilər.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Çıxış edən 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin qeyd olunduğu ilə təsadüf edən bu əlamətdar Bilik Günü və yeni dərs ilinin başlanması münasibətilə məktəbliləri, müəllimləri, valideynləri təbrik etdi. Ulu Öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamını diqqətə çatdıran direktor qeyd etdi ki, bu kəlam milli təhsilimizin inkişafının ana xəttini təşkil edir. Vurğulandı ki, Ulu Öndər Heydər Əliyevin siyasətini eyni həssaslıqla və uğurla davam etdirən möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin təhsilə yüksək diqqəti nəticəsində icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da, şübhəsiz, ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından formalaşdırılması və təkmilləşdirilməsi işinə mühüm töhfə verir.

Çıxışı zamanı direktor 132-134 nömrəli Təhsil Kompleksinin tarixi, bu təhsil ocağının məzunları və şagirdlərinin yerli və beynəlxalq nailiyyətləri haqqında danışdı. Vurğulandı ki, uzun illərdir 132-134 nömrəli Təhsil Kompleksində Azərbaycan, Rus və İngilis bölmələri üzrə tədris həyata keçirilir, eyni zamanda iki böyük beynəlxalq layihə – “Ana Məktəb” və “Beynəlxalq Bakalavriat Proqramı” uğurla icra olunur.

Azərbaycan xalqının tarixi Zəfər qazandığı 44 günlük Vətən müharibəsi qalibiyyətinin bu il növbəti ildönümünü qürurla qeyd etdiyimizi diqqətə çatdıran S.Xanlarova Təhsil Kompleksinin üç qəhrəman məzun Şəhidi – Nicat Tarıverdiyev, Fərid Əliyev və Yusif Budaqovun, Birinci Qarabağ müharibəsi Şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun əziz xatirələrini xüsusi ehtiramla yad etdi. Xüsusi vurğulandı ki, xalqımız işğaldan azad olunan doğma torpaqlarımızın möhtərəm Prezidentimiz İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən yenidən dirçəldilməsi naminə həyata keçirilən möhtəşəm bərpa-quruculuq layihələrini ürəkdən alqışlayır və dəstəkləyir.

Sonda birinciləri Bilik Günü münasibətilə xüsusi təbrik edən direktor bütün şagirdlərə uğurlu tədris ili və təhsil həyatlarında yüksək nailiyyətlər arzuladı.

Tədbirdə çıxış edən 132-134 nömrəli Təhsil Kompleksinin qəhrəman məzun Şəhidlərinin valideynləri, Səbail rayon İcra Hakimiyyətinin nümayəndəsi, eləcə də bu il övladları Təhsil Kompleksində təhsil alacaq valideynlər adından çıxış edən Xalq artisti, bəstəkar Aygün Səmədzadə, Azərbaycanın əməkdar artisti, əfsanəvi “Parni iz Baku” KVN komandasının üzvü Tahir İmanov, Respublikanın Əməkdar incəsənət xadimi Cəmil Quliyev bu gün birinci sinifə qədəm qoyan balacaları təbrik etdilər və onlara uğurlar dilədilər.

Tədbirdə rəqslər ifa olundu və mahnılar səsləndirildi.

Sonra Bilik günündə ilk zəng çalındı və birincilər böyük sevinclə siniflərə daxil oldular.

Təhsil Kompleksində bütün siniflərdə ilk dərslər “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur!” mövzusuna həsr olundu.

Hər kəsə yeni tədris ilində uğurlar arzulayırıq.

#SalamMəktəb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.